Dünya prosessor bazarında ciddi qiymət artımı müşahidə olunur. "Intel" ötən ay öz istehlakçı prosessorlarının qiymətini 20%-ə qədər artırıb. Oktyabrın 1-dən etibarən "Qualcomm" da bu addımı izləyərək qiymətləri 10% qaldırıb, "AMD"-nin isə yaxın vaxtlarda oxşar qərar verəcəyi gözlənilir.
Qiymət artımının əsas səbəbi nədir?
Bu sinxron bahalaşmanın arxasında "TSMC"-nin istehsal xidmətləri üçün tələb etdiyi yüksək tariflər dayanır. Xüsusilə "Intel"-in "Panther Lake" seriyasında "N3E" texnologiyası ilə istehsal olunan qrafik alt sistemlərə malik modellər 15-20% bahalaşıb. "Meteor Lake" və "Arrow Lake" ailələri 5-10%, "Alder Lake" və "Twin Lake" modelləri isə 10-20% civarında artımla üzləşib.
Digər şirkətlər və bazarın gələcəyi
"Qualcomm" şirkəti "Snapdragon X" və "X2 Elite" prosessorlarının qiymətini orta hesabla 10% artırıb. Şirkətin PC və server seqmentindəki mürəkkəb çip istehsalı xərcləri artmağa davam edir. "AMD" də gələn il üçün tədarük həcmini artırmağı planlaşdırsa da, "EPYC" və "Ryzen" prosessorlarında təxminən 10%-lik bahalaşmanın qaçılmaz olduğu bildirilir.
Ekspertlər qeyd edir ki, süni intellekt sahəsində artan hesablama yükü mərkəzi prosessorlara olan tələbatı kəskin şəkildə artırıb. "TSMC" gələn ildən etibarən qabaqcıl texnoloji proseslər üzrə xidmətlərini 5-10%, qablaşdırma xidmətlərini isə 10-15% civarında bahalaşdırmağa hazırlaşır.






