Yeni smart ev mərkəzi və "homeOS"
"Apple" şirkəti smart ev bazarındakı mövqeyini gücləndirmək üçün yeni cihazını təqdim etməyə hazırlaşır. İlkin məlumatlara görə, "Apple Home Hub" adlanacağı gözlənilən bu cihaz, divara və ya masa üzərinə yerləşdirilə bilən 6 düymlük toxunuşlu ekrana sahib olacaq. Cihazın üz tanıma və səsli identifikasiya funksiyaları ilə təchiz ediləcəyi, həmçinin "homeOS" adlı yeni proqram təminatı ilə işləyəcəyi bildirilir.
"HomePod Mini" və "Apple TV" yenilənir
Şirkət "HomePod Mini" və "Apple TV" modellərində ciddi dizayn dəyişiklikləri etməsə də, hər iki cihazın daxili təchizatını yeniləyir. Yeni prosessorlar, xüsusilə "Siri AI"-nin tələblərini qarşılamaq və naviqasiyanı sürətləndirmək üçün nəzərdə tutulub. "HomePod Mini" üçün yeni rəng seçimləri təqdim ediləcək, hər iki cihaz isə "Wi-Fi" və "Bluetooth 6.0" dəstəyi ilə təchiz olunacaq.
Tərəfdaşlıqlar və gözləntilər
Tədbirdə "LG" kimi tərəfdaşların "HomeKit" ilə inteqrasiya olunan yeni smart ev cihazları da nümayiş etdirilə bilər. Bu cihazlar arasında "NFC" əsaslı "Proximity Control" funksiyası və "iPhone" ilə sürətli qoşulma imkanları xüsusi yer tutur. Qeyd edək ki, "Apple"-ın uzun müddətdir gözlənilən toxunuşlu "MacBook" modeli bu tədbirdə deyil, ayın sonunda təqdim olunacaq.






