"Tesla" şirkətinin istehsalı olan "Cybertruck" elektrik pikapları gözlənilməz bir sahədə istifadəyə verilib. Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, ilk sınaqlardan sonra bu avtomobillərin xilasetmə missiyalarında yüksək effektivlik nümayiş etdirdiyini açıqlayıb. Nazir müavini Erbolat Sadırbayev-in verdiyi məlumata görə, qurum gələcəkdə parkını daha çox "Cybertruck" ilə genişləndirməyi hədəfləyir.
Almatı yaxınlığındakı dağlıq ərazilərdə keçirilən sınaqlar zamanı avtomobilin manevr qabiliyyəti və keçid imkanları xilasedicilər tərəfindən müsbət qiymətləndirilib. "Cybertruck"-un ən böyük üstünlüklərindən biri onun səssiz hərəkət etməsi və xarici avadanlıqları uzun müddət enerji ilə təmin edə bilməsidir. Bu xüsusiyyət, xilasetmə zamanı istifadə olunan rabitə vasitələri, işıqlandırma cihazları və elektrik alətlərinin fasiləsiz işləməsinə imkan yaradır.
Bundan əlavə, Qazaxıstanın Dövlət Mühafizə Xidməti də bir ədəd "Tesla Cybertruck"-u xüsusi rabitə avadanlıqlarının daşınması və enerji təchizatı üçün sınaqdan keçirib. Xüsusilə ucqar dağlıq bölgələrdə avtonom enerji təchizatı imkanı xilasetmə işlərində kritik rol oynayır. Qeyd edək ki, "Tesla" bu pikapları Yaxın Şərq bazarlarında rəsmi olaraq təklif etsə də, Avropa standartlarına uyğunsuzluq səbəbindən orada satışına icazə verilmir.






