Dying Light franşizasının keçmiş rəhbəri Timon Smektala, Techland studiyasının Dying Light 2 Stay Human oyununun inkişafı zamanı qarşılaşdığı çətinliklərdən və buraxılan səhvlərdən danışıb. Onun sözlərinə görə, oyun maliyyə baxımından uğurlu olsa da, orijinal layihənin xüsusiyyətlərini – qorxu, gərginlik və təhlükə hissini itirdiyi üçün sərt pərəstişkarlarını məyus edib.
Smektala qeyd edib ki, 2022-ci ildə buraxılan oyunun inkişafı zamanı studiya çətin bir dərs alıb. Problemlərin kökündə son tarixlər (deadline), yeni mühərrik üzərində iş və digər çağırışların yaratdığı təzyiqlər dayanırdı. Onun fikrincə, hər kəsin istəyini yerinə yetirməyə çalışmaq əsas səhv idi:
- Hər kəsə eyni anda hər şeyi verməyə çalışmaq bir tələdir.
- Oyunçuların bəziləri daha çox RPG elementləri, bəziləri isə orijinal oyunun atmosferini tələb edirdi.
Studiya sonradan "kəmiyyətin keyfiyyətə çevrilmədiyini" anlayıb və Dying Light: The Beast layihəsində fərqli yanaşma tətbiq edib. Smektala vurğulayıb ki, indi əsas diqqət hər kəsin gözləntilərini qarşılamaqdan daha çox, oyunun əsas elementlərinin keyfiyyətinə yönəldilib. Bu yanaşma öz bəhrəsini verib: Dying Light: The Beast Steam-də 87% müsbət rəy alaraq, 79% reytinqə malik olan Dying Light 2-ni geridə qoyub.






