Nyu-Meksiko ştatının Ali Məhkəməsi vəkil Stiven Aarons-u məhkəməyə təqdim etdiyi sənədlərdə süni intellekt tərəfindən yaradılmış saxta şahid ifadələrinə və uydurma polis ifadələrinə yer verdiyi üçün cərimələyib. Məhkəmə sənədlərində vəkilin süni intellekt vasitəsilə hazırlanan sənədlərdəki faktiki iddiaları və hüquqi əsasları yoxlamadığı qeyd olunub. Nəticədə, Aarons məhkəməyə hörmətsizlik etdiyi üçün 5 min ABŞ dolları məbləğində cərimə ilə üzləşib.
Avqust ayında keçirilən dinləmələr zamanı vəkil "ChatGPT"-nin ona "qüsursuz bir xülasə" hazırlayacağına inandığını etiraf edib. Məhkəmə hakimi C. Şennon Bekon vəkilin süni intellektin yaratdığı risklərdən xəbərsiz olmasına təəccüblənərək, bu cür halların mütəmadi olaraq xəbərlərdə yer aldığını xatırladıb. Hakim vəkilə müraciətlə: "Siz xəbərlərə baxmırsınız? Dünyada baş verənlərdən xəbəriniz yoxdur?" - deyə sual verib.
Son dövrlərdə hüquqşünaslar arasında süni intellekt alətlərindən istifadə halları artsa da, bununla paralel olaraq saxta sitatlar və uydurma məlumatların məhkəməyə təqdim edilməsi halları da çoxalır. Ötən il iki hüquq firması oxşar səbəbdən cəzalandırılmış, Mayk Lindell-in vəkilləri də süni intellekt tərəfindən yaradılmış saxta sitatlara görə cərimə olunmuşdular. Stiven Aarons isə baş verənləri "vicdanlı bir səhv" adlandıraraq peşman olduğunu bildirib.






