2025-ci ilin yanvar ayında məşhur "Darkest Dungeon" və "Darkest Dungeon II" oyunlarında hekayəçini səsləndirən aktyor Ueyn Cun (Wayne June) vəfat edib. Kanadanın "Red Hook Studios" şirkəti mərhum sənətkarın səsini süni intellekt texnologiyaları vasitəsilə əvəz etmək fikrində olmadığını qəti şəkildə bildirib.
"Red Hook Studios" şirkətinin həmtəsisçisi və yaradıcı rəhbəri Kris Burassa (Chris Bourassa) "Reddit" platformasında mövzu ilə bağlı studiyanın rəsmi mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Ueyn Cun səsinin neyron şəbəkələrin təlimi üçün istifadə edilməsinin qəti əleyhinə olub. Lakin ölümündən qısa müddət əvvəl o, studiyaya bu barədə icazə verib.
"Biz ondan bunu heç vaxt xahiş etməmişdik. Düşünürəm ki, o, oyunun, komandanın və pərəstişkarların maraqlarını öz maraqlarından üstün tutmağa çalışırdı"- deyə Kris Burassa qeyd edib. O əlavə edib ki, bu təklifi rədd edib:
"Mən heç vaxt və heç bir halda maşının onu təqlid etməsinə icazə verərək, onun inanılmaz və zamana tabe olmayan aktyorluq məharətini dəyərdən salmazdım. Onun səsi və danışıq tərzi insani idi. Onun üçün mətn yazmaq fürsəti əldə etdiyimə görə həmişə minnətdar olacağam".
İstifadəçilər studiyanın bu qərarını təqdir edərək, aktyorun irsinə göstərilən hörməti yüksək qiymətləndiriblər. Müqayisə üçün qeyd edək ki, "CD Projekt Red" şirkəti "Cyberpunk 2077" oyununun "Phantom Liberty" əlavəsində Viktor Vektor obrazını səsləndirmək üçün mərhum polyak dublyaj ulduzu Miloqost Reçekin (Milogost Reczek) səsini ailəsinin icazəsi ilə süni intellekt vasitəsilə bərpa etmişdi.






