İkinci əl bazarında bəzən BIOS-u bloklanmış noutbuklara rast gəlinir ki, bu da cihazın funksionallığını ciddi şəkildə məhdudlaşdırır. Belə noutbuklar bəzən sadəcə parametrlərin dəyişdirilməsinə icazə vermir, bəzən isə parol tələb etdiyi üçün əməliyyat sisteminin yüklənməsinə belə imkan vermir. "Reddit" istifadəçilərindən biri "HP 15-dw1036ne" modelini əldə etdikdən sonra məhz bu problemlə üzləşib.
İstifadəçi əvvəlcə "CH341A" proqramlayıcısı və kodun deşifrə edilməsi vasitələri ilə problemi özü həll etməyə çalışsa da, uğursuz olub. Hər dəfə kodda dəyişiklik edildikdə, kompüter "BIOS zədələnib" xətası verib. Nəticədə, o, "Anthropic" şirkətinin "Claude Code" süni intellekt xidmətinə müraciət edərək, BIOS dumperini analiz etməyi və kilidi açmağı tapşırıb.
Süni intellekt kilidi necə aradan qaldırdı?
"Claude Code" qısa müddətdə RSA-2048 DXE-FV imzasını yoxlayan kod fraqmentini aşkar edərək onu deaktiv edib. Bununla yanaşı, İİ 55-ə qədər gizli konfiqurasiya sahəsini aktivləşdirib və BIOS-un bütün menyularını istifadəçi üçün əlçatan edib. Nəticədə, noutbuk tam funksional vəziyyətə gətirilib.
İstifadəçi bu prosesi avtomatlaşdıran "Python" skriptini "Reddit" platformasında paylaşıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu skript yalnız konkret "HP 15-dw1036ne" modeli üçün nəzərdə tutulub. Hətta eyni modelin fərqli reviziyalarında və ya ana platalarında bu üsul işləməyə bilər.






