Rəqəmsal oyun platforması Steam-də yeni bir hit peyda olub. Yaponiyalı müstəqil tərtibatçı lemorion_1224 tərəfindən hazırlanan “Meccha Chameleon” adlı virtual gizlənpaç oyunu qısa müddətdə həm bloqerlərin, həm də oyunçuların diqqətini cəlb etməyi bacarıb. 10 iyun tarixində satışa çıxarılan layihə, cəmi bir neçə gün ərzində 1 milyon nüsxəlik satış göstəricisinə çatıb.
Oyunun mexanikası nədən ibarətdir?
“Meccha Chameleon” ənənəvi gizlənpaç oyununun virtual mühitə uyğunlaşdırılmış versiyasıdır. İstifadəçilər iki komandaya – axtaranlar və gizlənənlər olmaqla bölünürlər. Oyunun əsas özəlliyi gizlənən tərəfin xameleon kimi ətraf mühitlə tamamilə uyğunlaşaraq, interyer elementləri və ya müxtəlif obyektlər formasında maskalanmaq imkanına sahib olmasıdır.
İstifadəçilər oyunu necə qiymətləndirir?
Hazırda Steam platformasında oyun haqqında 4 minə yaxın rəy mövcuddur və onun reytinqi 78% təşkil edərək “əsasən müsbət” kimi qiymətləndirilir. İstifadəçilər bəzi texniki çatışmazlıqlar və optimallaşdırma problemləri ilə bağlı narazılıqlarını bildirsələr də, tərtibatçı lemorion_1224 oyunun təkmilləşdirilməsi istiqamətində aktiv işlər aparır.






