Amerikanın oyun studiyası olan Blizzard Entertainment, uzun müddətdir dəstəyin dayandırıldığı düşünülən StarCraft 2 strategiyası üçün yeni yeniləmə buraxıb. 2020-ci ilin oktyabrında şirkət oyuna yeni kontent əlavə etməyəcəyini, yalnız zərurət yarandıqda balans düzəlişləri edəcəyini bildirmişdi. Beş il yarım sonra bu zərurət yaranıb.
Ötən həftənin sonunda oyunun test serverində (PTR) 5.0.16 versiyalı yeniləmənin sınaqlarına başlanılıb. Yeniləmə oyunun gedişatına ciddi təsir edəcək dəyişiklikləri özündə ehtiva edir:
- Oyunun ilkin və orta mərhələlərində strategiya müxtəlifliyini artırmaq üçün dəyişikliklər edilib.
- Başlanğıcda işçi sayı 12-dən 8-ə endirilib.
- Zerq, protoss və terran vahidləri üçün iqtisadi və oyun balansına dair düzəlişlər tətbiq olunub.
- Uzun müddətdir unudulmuş bir çox texniki nasazlıq aradan qaldırılıb.
Reddit istifadəçiləri bu yeniləməni təəccüblə qarşılayaraq, bunun "StarCraft 3"-ə doğru bir addım ola biləcəyini müzakirə edirlər. Qeyd edək ki, StarCraft 2 trilogiyasının başa çatmasından 11 il keçib. Hazırda rəsmi olaraq yeni bir oyun elan edilməsə də, şayiələrə görə, franşiza əsasında üçüncü şəxs perspektivli şuter hazırlanır. Layihənin 12-13 sentyabr 2026-cı il tarixlərində keçiriləcək BlizzCon 2026 festivalında təqdim olunacağı gözlənilir.






