"Lucasfilm" şirkəti D23 tədbiri çərçivəsində "Star Wars" kainatının gələcək layihələri ilə bağlı maraqlı anonslar edib. 20 yanvar 2027-ci il tarixində yayımlanması planlaşdırılan "Star Wars: Ahsoka" serialının 2-ci mövsümü üçün ilk treyler tamaşaçılara təqdim olunub. Yeni mövsümün daha qaranlıq və sehrli elementlərlə zəngin bir atmosfer vəd etdiyi bildirilir.
Treylerdə Grand Admiral Thrawn obrazının imperiyanın süqutundan sonra qalaktikanı yenidən genişmiqyaslı müharibəyə sürükləmək təhlükəsi ön plana çıxarılır. Qeyd edək ki, obraz özünün soyuqqanlı davranışı ilə diqqət çəkir. Bu yeni mövsümün "Star Wars" pərəstişkarları tərəfindən böyük maraqla gözlənildiyi vurğulanır.
"Star Wars: Starfighter" filmi haqqında nə məlumdur?
Tədbirdə diqqət çəkən digər layihə isə Ryan Gosling-in iştirakı ilə çəkilən "Star Wars: Starfighter" filmi olub. Filmdən bəzi kadrlar nümayiş etdirilsə də, həmin görüntülər hələlik ictimaiyyətə açıqlanmayıb. Sosial şəbəkələrdə yayılan bəzi sızmaların isə həqiqiliyi təsdiqlənməyib.
Filmin premyerası 28 may 2027-ci il tarixinə təyin edilib. Layihədə Ryan Gosling ilə yanaşı, Matt Smith, Aaron Pierre və Mia Goth kimi məşhur aktyorların rol aldığı bildirilir. İzləyicilər yaxın vaxtlarda rəsmi treylerin yayımlanacağını gözləyirlər.






