Kris Robertsin rəhbərlik etdiyi Cloud Imperium Games studiyasının hazırladığı Star Citizen kosmik simulyatoru maliyyə baxımından yeni bir zirvəyə çatıb. Layihənin inkişafı üçün toplanan ianələrin məbləği 1 003 858 608 dollara çatıb. Hazırda oyunu dəstəkləyən ianəçilərin sayı 6,54 milyon nəfər təşkil edir.
Xatırladaq ki, layihənin maliyyələşməsi 2012-ci ildə Kickstarter platformasında 2 milyon dollardan çox vəsaitlə başlamışdı. Sonrakı illərdə büdcə sürətlə artaraq 2015-ci ildə 100 milyon, 2020-ci ildə 300 milyon, 2023-cü ildə isə 600 milyon dollara çatmışdı.
Kris Roberts bildirib ki, layihənin miqyası digər oyunlarla müqayisəolunmaz dərəcədə böyükdür. Oyunun tam versiyasının 2027-2028-ci illərdən tez olmayaraq buraxılması gözlənilir, lakin tərtibatçılar 1.0 versiyasından sonra da layihəni inkişaf etdirməyi planlaşdırırlar.
Bundan əlavə, Star Citizen kainatında cərəyan edən Squadron 42 süjetli oyununun da hazırlıqları yekunlaşmaq üzrədir. Robertsin sözlərinə görə, bu oyunun 2026-cı ilin sonunda satışa çıxarılması nəzərdə tutulur.






