Spotify platforması musiqi, podkast və audiokitablarla yanaşı, indi də jurnal məqalələrinin səsləndirilməsi formatını istifadəyə verib. Artıq Rolling Stone, The Atlantic, Vogue, Variety, Billboard, Vibe, GQ, Wired, Vanity Fair və Pitchfork kimi nəşrlərdən 650-dən çox məqalə audiokitabların mövcud olduğu regionlarda dinləyicilərə təqdim olunur.
Müddəti iki saatdan az olan bu məqalələr Premium istifadəçilər üçün aylıq audiokitab limiti çərçivəsində əlçatandır. Ödənişsiz istifadəçilər isə məqalələri 1.99 dollar qarşılığında fərdi şəkildə əldə edə bilərlər.
Spotify-ın audiokitablar üzrə lisenziyalaşdırma rəhbəri Kolin Prenderqast bildirib ki, bu addım platformadakı musiqi və podkast təcrübəsinin təbii bir davamıdır. Şirkət bu format vasitəsilə dinləyicilərin maraq dairəsinə uyğun məzmunlar təqdim edərək, kitab və məqalələrə olan marağı artırmağı hədəfləyir.
Qeyd edək ki, Spotify son dövrlərdə süni intellekt əsaslı podkast alətləri və musiqi remiksləri kimi bir sıra yeni funksiyalar üzərində işləyir. Məqalələrin səsləndirilməsində süni intellektdən istifadə olunub-olunmadığı barədə isə şirkət rəsmi açıqlama verməyib.






