"Spotify"-ın qurucusu Daniel Ek tərəfindən təsis edilən "Neko Health" startapı ABŞ-a genişlənmək üçün 700 milyon ABŞ dolları məbləğində investisiya cəlb edib. Şirkət cari il ərzində Nyu-York şəhərində ilk klinikasını açmağı və daha sonra ölkə daxilində fəaliyyətini sürətlə genişləndirməyi hədəfləyir. "Neko Health" süni intellekt və xüsusi tibbi avadanlıqlar vasitəsilə tam bədən müayinələri və qan analizləri təqdim edir.
Startapın əsas məqsədi xəstəlikləri erkən mərhələdə aşkar etmək, profilaktikanı təmin etmək və insanların ömrünü uzatmaqdır. Şirkətin həmtəsisçisi və baş icraçı direktoru Hjalmar Nilsonne bildirib ki, yeni maliyyə vəsaiti texnologiyanın geniş miqyasda tətbiqinə və tədqiqat-inkişaf işlərinə yönəldiləcək. Hazırda "Neko Health"-in Böyük Britaniya və İsveç-də səkkiz klinikası fəaliyyət göstərir.
"Neko Health"-ə kimlər investisiya yatırıb?
İnvestisiya raundunda bir sıra məşhur simalar və sahibkarlar iştirak edib. Onların arasında musiqiçi will.i.am, tennisçi Mariya Şarapova, "Meta"-nın rəhbəri Mark Zukerberq və həyat yoldaşı Priscilla Chan, həmçinin keçmiş futbolçu Tyerri Anri yer alır. "Financial Times"-ın məlumatına görə, şirkətin bazar dəyəri təxminən 7 milyard ABŞ dolları təşkil edir.
Şirkətin xidmətlərinə tələbat yüksək olsa da, "Neko Health" miqyaslanma prosesində çətinliklərlə üzləşir. İndiyədək 100 mindən çox insan müayinədən keçib, lakin 350 mindən çox şəxs hələ də gözləmə siyahısındadır. ABŞ-dakı klinikalar üçün qiymətlər hələlik açıqlanmasa da, Avropada müayinə qiymətləri təxminən 400 ABŞ dolları civarındadır.






