ABŞ Federal Aviasiya İdarəsi (FAA) SpaceX-in yeni “Starfall” adlı geri qayıdan kapsulunun sınaqlarına yaşıl işıq yandırıb. Şirkət hələlik bu layihə barədə geniş məlumat verməsə də, FAA sənədlərinə əsasən, söhbət atmosferə daxil ola bilən kiçik bir aparatdan gedir. Kapsulun “Falcon 9” və ya “Starship” raketləri ilə orbitə çıxarılması və Sakit okeana eniş etməsi planlaşdırılır.
Texniki göstəricilər və məqsəd:
- Kapsulun diametri 3,1 metr, hündürlüyü 0,75 metr, çəkisi isə təxminən 2100 kq-dır.
- Aparat 1000 kq-a qədər faydalı yük daşımaq qabiliyyətinə malikdir.
- Uçuş zamanı istiqamətlənmə üçün soyuq qaz mühərriklərindən, eniş zamanı isə paraşüt sistemindən istifadə olunacaq.
Layihənin əsas məqsədi orbitdə istehsalat proseslərini genişləndirməkdir. Bu kapsullar vasitəsilə mikroquvvə və vakuum şəraitində materialların, kristallar, eləcə də bioloji və əczaçılıq məhsullarının istehsalı üçün nümunələrin kosmosa göndərilməsi və geriyə təhlükəsiz çatdırılması mümkün olacaq. “Starfall” həmçinin kosmosdan Yer kürəsinin müxtəlif nöqtələrinə sürətli yük daşınması konsepsiyasının inkişafına xidmət edir.
FAA ilkin mərhələdə Kaliforniya sahillərindən təxminən 1300 km aralıda iki sınaq uçuşuna icazə verib. SpaceX bu layihə ilə həm də “Varda Space Industries” kimi şirkətlərlə rəqabət aparmağı və kosmik istehsalat iqtisadiyyatında öz mövqeyqini möhkəmləndirməyi hədəfləyir.






