Kosmik sənayenin lideri "SpaceX", "Falcon 9" raketlərinin birinci pilləsinin təkrar istifadəsi ilə bağlı tarixi bir göstəriciyə imza atıb. İyulun 13-dən 14-nə keçən gecə şirkət cəmi 8 saatlıq fasilə ilə iki fərqli uçuş həyata keçirərək, 600-cü yubiley buraxılışını tamamlayıb. Bu nailiyyət, şirkətin kosmik daşımalarda xərclərin azaldılması və effektivliyin artırılması strategiyasının uğurunu bir daha sübut edir.
İlk uçuş Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr bazasından yerli vaxtla saat 21:28-də baş tutub və 27 ədəd "Starlink" peykini orbitə çatdırıb. İkinci missiya isə iyulun 14-də, Florida ştatındakı Cape Canaveral bazasından saat 05:10-da həyata keçirilib və növbəti 27 peyki orbitə çıxarıb. Astrofizik Conatan Makdauellin məlumatlarına görə, bu uçuşlardan sonra orbitdəki aktiv "Starlink" peyklərinin sayı 10 839-a çatıb.
Uçuşların texniki göstəriciləri necədir?
Hər iki missiyada istifadə olunan raketlərin birinci pillələri uğurla Yerə qaytarılıb. Florida missiyasında istifadə olunan "Falcon 9 B1093" raketi özünün 15-ci, "Falcon 9 B1080" raketi isə 28-ci uçuşunu yerinə yetirib. Qeyd edək ki, "Falcon 9" raketlərinin təkrar istifadəsi üzrə hazırkı rekord 36 uçuş təşkil edir. "SpaceX" cari ilin əvvəlindən bəri ümumilikdə 83 uğurlu "Falcon 9" buraxılışı həyata keçirib.






