“Sony Interactive Entertainment” və “Marvel’s Spider-Man” seriyasının yaradıcısı olan “Insomniac Games” studiyası “State of Play” tədbirində uzun müddətdir gözlənilən “Marvel’s Wolverine” oyununun yeni geympley görüntülərini paylaşıb. Yeddi dəqiqəlik videoda baş qəhrəmanın mutantları qaçıranlara qarşı mübarizəsi və Jin Grey ilə əməkdaşlığı əks olunub.
Süjetə əsasən, Wolverine öz keçmişinin sirlərini aydınlaşdırmaq məqsədilə Madripur adası, Kanada və Tokio kimi müxtəlif məkanlarda səyahət edir. Təqdim olunan kadrlar oyunun yüksək vizual keyfiyyətini və qanlı döyüş sistemini nümayiş etdirir. Xüsusilə, zərbələr və düşmənlərin məhv edilməsi ilə müşayiət olunan “qəzəb” (rage) mexanikası oyunçulara dinamik təcrübə vəd edir. Həmçinin, qəhrəman üçün hazırlanan xüsusi “əzələli” zədələnmə sistemi döyüşlərin daha realistik görünməsini təmin edir.
Oyun haqqında vacib məlumatlar:
- Layihə 15 sentyabr 2026-cı il tarixində yalnız “PlayStation 5” üçün eksklüziv olaraq satışa çıxacaq.
- Hazırda oyunun PC versiyası üçün hər hansı plan mövcud deyil.
- 70 ABŞ dolları qiyməti ilə ilkin sifarişlər (pre-order) başlayıb, lakin bəzi regionlarda bu funksiya hələlik əlçatan deyil.






