Cənubi Koreyanın texnologiya nəhəngi olan "Samsung Electronics" şirkətinin 47 mindən çox işçisi cümə axşamı günündən etibarən 18 günlük tətilə başlamağı planlaşdırır. Həmkarlar ittifaqı ilə rəhbərlik arasında mükafatların ödənilməsi üzrə aparılan danışıqların nəticəsiz qalması bu addımın atılmasına səbəb olub. Tətil yalnız şirkətin ölkə daxilindəki çip istehsalı zavodlarını əhatə edəcək. Bu isə qlobal bazarda onsuz da qıtlığı yaşanan yaddaş çiplərinin istehsalı ilə bağlı ciddi narahatlıqlara yol açır.
"Nikkei Asia" nəşrinin məlumatına görə, həmkarlar ittifaqı Cənubi Koreyanın Milli Əmək Münasibətləri Komissiyası tərəfindən təklif olunan vasitəçiliklə razılaşsa da, "Samsung Electronics" rəhbərliyi heç bir izahat vermədən bu razılaşmanı rədd edib. İşçilərin əsas tələbləri sırasına şirkətin əməliyyat mənfəətinin 15 faizi həcmində fəaliyyət mükafatlarının verilməsi və illik əməkhaqqının 50 faizi miqdarında olan mükafat limitinin ləğv edilməsi daxildir. Qeyd edək ki, danışıqların pozulması dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan "Samsung" şirkətinin rekord gəlirlər əldə etdiyi bir dövrə təsadüf edir.
Tətil ərəfəsində Cənubi Koreya hökuməti hər iki tərəfi razılığa gəlməyə çağırıb. Baş nazir Kim Min-seok xəbərdarlıq edib ki, hökumət prosesə müdaxilə edərək tətilin qarşısını ala bilər. Yerli qanunvericilik iqtisadiyyata və ya gündəlik həyata zərər vura biləcək mübahisələr zamanı "təcili tənzimləmə" tədbirlərinin tətbiqinə icazə verir. "CNBC" telekanalının məlumatına əsasən, ölkənin ən böyük şirkəti olan "Samsung" Cənubi Koreyanın ümumi ixracının təxminən 23 faizini və ümumi bazar kapitallaşmasının 26 faizini təşkil edir.






