Cənubi Koreyanın texnologiya nəhəngi Samsung rəhbərliyi ilə yarımkeçirici şöbəsinin işçiləri arasında 18 günlük tətil təhlükəsi aradan qaldırılıb. Tərəflər arasında əldə olunan razılaşma işçilərə yüksək məbləğdə mükafatlar vəd edir.
Tətil riski əsasən şirkətin bonus limitləri ilə bağlı yaranmışdı. Süni intellekt komponentlərinə artan tələbat fonunda rəqib şirkət SK Hynix-in işçilərinə daha yüksək mükafatlar təklif etməsi Samsung mütəxəssislərini də oxşar addımlar atmağa sövq edib.
Yeni müqavilənin şərtləri:
- Çip istehsalında çalışan bütün işçilərə illik maaşlarının 50 faizi miqdarında nağd pul bonusu veriləcək.
- Şirkət illik əməliyyat mənfəətinin 10,5 faizini yarımkeçirici şöbəsinin işçilərinə səhm əsaslı mükafatlar şəklində paylayacaq.
- Bonus fondunun 40 faizi bütün yarımkeçirici şöbəsinə, qalan hissə isə birbaşa gəlir gətirən yaddaş çipi seqmentinə yönəldiləcək.
Mükafatların həcmi bəzi hallarda işçilərin baza maaşını dəfələrlə üstələyir. Məsələn, 50 min ABŞ dolları əməkhaqqı alan yaddaş çipi mütəxəssisi ümumilikdə 416 min ABŞ dolları məbləğində bonus qazana bilər. Şirkət üçün bu razılaşma daha sərfəlidir, çünki bonusların böyük hissəsi səhmlərdən ibarətdir və ödənişlər yalnız müəyyən mənfəət hədəflərinə çatdıqda həyata keçiriləcək.
Qeyd edək ki, Cənubi Koreyanın ən böyük şirkəti olan Samsung-un son maliyyə hesabatında yaddaş çiplərinin satışından əldə olunan gəlirlər sayəsində mənfəətin səkkiz dəfə artdığı qeyd olunub. Yeni müqavilənin həmkarlar ittifaqı üzvləri tərəfindən təsdiqlənməsi gözlənilir.






