Samsung Electronics-in İdarə Heyətinin sədri Li Çje Yon Tayvana səfər edib. Səfər çərçivəsində o, MediaTek şirkətinin rəhbərliyi ilə qapalı danışıqlar aparıb. Görüşdə tərəflər qlobal yarımkeçirici tədarük zəncirlərinin möhkəmləndirilməsi və çip bazarında sabitliyin təmin edilməsi məqsədilə tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Maeil Business Newspaper-in məlumatına görə, Samsung nümayəndə heyəti MediaTek-in baş direktoru Rik Tsay ilə bir araya gəlib. Əsas müzakirə mövzusu çiplərin kontrakt istehsalı sahəsində əməkdaşlıq olub. Hazırda MediaTek öz məhsullarının istehsalını əsasən TSMC-yə həvalə edir. Analitiklər hesab edir ki, Samsung süni intellekt serverlərinə olan tələbat fonunda yaranan çip çatışmazlığından istifadə edərək MediaTek və digər iri sifarişçiləri öz tərəfinə çəkməyə çalışır.
Bundan əlavə, tərəflər Samsung-un mobil cihazlarında MediaTek Dimensity prosessorlarının istifadəsi məsələsinə də toxunublar. Cənubi Koreya nəhəngi istehsal xərclərini azaltmaq üçün baza smartfon və planşet modellərində bu çipsetlərin payını artırmağı planlaşdırır. Qeyd edək ki, Samsung artıq Tesla ilə kontrakt istehsalı üzrə razılığa gəlib və yaxın vaxtlarda AMD və Qualcomm ilə də oxşar müqavilələrin imzalanması gözlənilir.






