Samsung Galaxy S26 seriyası artıq əvvəlki modellərlə müqayisədə daha baha qiymətə təqdim olunsa da, şirkət növbəti qiymət artımına hazırlaşır. Buna əsas səbəb kimi dünyada operativ və daimi yaddaş çiplərinin çatışmazlığı, eləcə də onların maya dəyərinin yüksəlməsi göstərilir.
Yerli TechManiacs resursunun məlumatına görə, iyunun ilk həftəsindən etibarən Samsung Yunanıstanda flaqman smartfonlarının qiymətlərini qaldıracaq. Qiymət dəyişikliyi aşağıdakı modelləri əhatə edəcək:
- Galaxy S seriyası
- Galaxy Z Fold 7
- Galaxy Z Flip 7
- Galaxy FE modelləri
Cihazların qiyməti ən azı 100 avro bahalaşacaq və yaddaş həcmi artdıqca bu fərq daha da yüksələcək. Xatırladaq ki, şirkət daha əvvəl Avropada Galaxy S26 ailəsinin qiymətini 50-80 avro civarında artırmışdı. Bu tendensiyanın təkcə Avropa bazarı ilə məhdudlaşmayacağı gözlənilir.
Qeyri-rəsmi məlumatlara görə, iyulun 22-də keçirilməsi planlaşdırılan Samsung Unpacked tədbirində Galaxy Z Fold 8 (Wide Fold), Galaxy Z Fold 8 Ultra və Galaxy Z Flip 8 modellərinin təqdimatı gözlənilir. Ekspertlər bu yeni modellərin də əvvəlki versiyalardan daha baha olacağını proqnozlaşdırırlar. Qeyd edək ki, yaddaş qıtlığı səbəbindən Oppo, OnePlus, Vivo və Xiaomi kimi Çin brendləri də bu il öz məhsullarının qiymətini artırıblar.






