"Roskosmos" dövlət korporasiyasının baş institutu olan "TsNİİmaş", Rusiyada ilk dəfə olaraq özəl daşıyıcı raketin eskiz layihəsinə müsbət rəy verib. "Vosxod" və "NTİ" fondlarının dəstəyi ilə "3D Tədqiqat və İnkişaf" şirkəti tərəfindən hazırlanan "Voronej" raket layihəsi əsas texniki qiymətləndirmədən uğurla keçib. Bu təsdiq layihənin təcrübə-konstruktor işlərinə, sınaqlara və "Vostoçnıy" kosmodromunda start kompleksinin inşasına başlamağa imkan yaradır.
İki pilləli və ifrat yüngül sinfə aid olan "Voronej" raketi, çəkisi 250 kq-a qədər olan peykləri 500 km hündürlüyündəki orbitə çıxarmaq üçün nəzərdə tutulub. Xərcləri azaltmaq məqsədilə raketin "NK-3" mühərriki mövcud "RD-107A" mühərrikinin bazasında yaradılır. Layihəyə yatırılan ilkin investisiya həcmi 180 milyon rus rublu təşkil edir, lakin ümumi dəyərin gələcəkdə 10 milyard rus rubluna çatacağı istisna edilmir.
Raket mühərrikinin odlu sınaqlarının 2027-ci ilin sonuna, ilk buraxılışın isə 2029-cu ilin dekabrına planlaşdırıldığı bildirilir. Qeyd edək ki, 2024-cü ilin ortalarına qədər layihə üzrə 4000 səhifəlik sənədləşmə hazırlanıb, 3D modellər və ikinci pillənin maketi yaradılıb, həmçinin elektronika sistemlərinin sınaqlarına başlanılıb.






