"Tencent" korporasiyasına məxsus olan Riot Games studiyası populyar MOBA oyunu üçün təqdim etdiyi "League of Legends Classic" rejiminin gələcəyi ilə bağlı qərarını açıqlayıb. 29 iyul tarixində istifadəyə verilən və oyunçuları 2013-cü ilin vizual üslubu və oyun mexanikasına qaytaran bu rejim, gözlənilən uzunmüddətli marağı doğura bilməyib.
Şirkət rəsmiləri bildirib ki, bir çox istifadəçi nostalji üçün bu rejimi sınasa da, sonda əsas oyun rejimlərinə geri dönüblər. Nəticədə, 6 yanvar 2027-ci il tarixində, üçüncü mövsümün başa çatması ilə birlikdə "League of Legends Classic" rəsmi olaraq bağlanacaq. Riot Games gələcəkdə müəyyən dəyişikliklər və yeniliklərlə bu rejimi yenidən aktivləşdirməyi planlaşdırır.
Oyunçuları hansı dəyişikliklər gözləyir?
- 21 oktyabr tarixində yayımlanacaq 26.21 yeniləməsi ilə bəzi regionlarda rejimə giriş məhdudlaşdırılacaq.
- İstifadəçilərin artıq istifadə edə bilməyəcəyi "Classic" kontenti üçün vəsaitlər geri qaytarılacaq.
- Mağaza çeşidi yalnız çempionlar, runlar və run səhifələri ilə məhdudlaşdırılacaq.
- Yeni çempionların əlavə edilməsi 26.23 yeniləməsinə qədər davam edəcək.
Qeyd edək ki, 2009-cu ildə işıq üzü görən "League of Legends" hələ də dünyanın ən populyar oyunlarından biri olaraq qalır. 2027-ci ildə oyun tarixinin ən böyük yeniləməsi olan "League Next"-in buraxılması gözlənilir.






