"Meta" şirkəti "WhatsApp" platformasında yeni funksiyanı istifadəyə verib. Artıq istifadəçilər messenceri yükləmədən və ya şəxsi hesab yaratmadan audio və video zənglərə qoşula bilərlər. Bu yenilik, xüsusilə işgüzar görüşlər və qısa müddətli ünsiyyət üçün nəzərdə tutulub.
Zəngi təşkil etmək üçün "WhatsApp" hesabı olan istifadəçi tətbiqdəki "Zənglər" bölməsinə daxil olaraq "+" işarəsinə basmalı və xüsusi dəvət linki yaratmalıdır. Linki qəbul edən şəxs brauzer vasitəsilə zəng otağına daxil olur və təşkilatçının icazəsi ilə söhbətə qoşulur. Bu funksiya həm fərdi, həm də 32 nəfərə qədər olan qrup zəngləri üçün keçərlidir.
Qonaq istifadəçilər üçün hansı imkanlar var?
Qonaq qismində qoşulan şəxslərin məxfiliyi qorunur: digər iştirakçıların telefon nömrələri onlara görünmür. Qonaqlar ekran paylaşımı, emojilərlə reaksiya və "əli qaldır" funksiyalarından istifadə edə bilərlər, lakin mesaj yazmaq və ya yeni şəxsləri dəvət etmək hüquqları yoxdur. Təşkilatçı istənilən vaxt qonağı zəngdən kənarlaşdıra bilər.
"Meta" şirkətinin məlumatına görə, bu zənglər sonadək şifrələmə (end-to-end encryption) ilə qorunur və heç bir müddət məhdudiyyəti yoxdur. Şirkət ilin sonuna qədər "Google" və "Microsoft Outlook" təqvimləri ilə inteqrasiyanı da aktivləşdirməyi planlaşdırır ki, bu da görüş dəvətlərinə birbaşa zəng linklərinin əlavə edilməsini mümkün edəcək.






