Pensilvaniya Universitetinin mühəndisləri qan təzyiqini yüngül elektrik stimullaşdırması vasitəsilə azaldan yumşaq elektron implant yaradıblar. "CaroFlex" adlanan bu cihaz iri arteriyanın ətrafına sarılaraq, ənənəvi dərman müalicəsinə reaksiya verməyən xəstələr üçün yeni alternativ təklif edir. Sistem özündə 3D-çaplı elastik elektronikanı və cərrahi tikişlərə ehtiyac duymadan birbaşa canlı toxumaya yapışan geləbənzər maddəni birləşdirir. Heyvanlar üzərində aparılan sınaqlarda bu texnologiya qan təzyiqini əhəmiyyətli dərəcədə aşağı salıb.
"CaroFlex" implantı necə işləyir?
Yeni implant orqanizmin qan təzyiqini sinir siqnalları vasitəsilə tənzimləyən daxili barorefleks sisteminə təsir göstərir. Cihaz yuxu arteriyasının təzyiqə həssas sinir uclarının yerləşdiyi karotid sinus bölgəsinin yaxınlığında yerləşdirilir. Bu reseptorlar qan axınındakı dəyişiklikləri daim izləyərək beyinə siqnallar göndərir. "CaroFlex" aşağı tezlikli elektrik impulsları ilə həmin reseptorları stimullaşdırır. Nəticədə, beyin ürək döyüntülərinin tezliyini və damar tonusunu tənzimləyərək təzyiqin artmasına qarşı reaksiyanı dəyişir.
Ənənəvi cihazlardan fərqi nədir?
Əksər implantasiya edilə bilən bioelektron cihazlar sərt metallardan və plastiklərdən hazırlanır. Qan dövranı zamanı arteriyalar daim genişlənib daraldığı üçün sərt materiallar qan damarları ilə təbii şəkildə hərəkət edə bilmir. Bu mexaniki uyğunsuzluq zamanla implantın bağlantısını zəiflədir və ətraf toxumaları zədələyir. Pensilvaniya Universitetinin tədqiqatçıları isə "CaroFlex" cihazını bioloji toxumanın elastikliyini dəqiqliklə təkrarlayan keçirici hidrogellərdən hazırlayıblar. Universitetin dosenti Tao Çjou bildirir ki, xüsusi yapışqan hidrogel təbəqəsi sayəsində cihaz toxumaları zədələyən cərrahi tikişlər olmadan arteriya divarına bərkidilir.
Sınaqlar hansı nəticələri göstərdi?
Heyvanlar üzərində sınaqlardan əvvəl laboratoriya şəraitində implantın davamlılığı və elektrik xüsusiyyətləri qiymətləndirilib. Hidrogel struktur qırılmazdan əvvəl öz ilkin ölçüsündən iki dəfə çox uzana bilib, yapışqan material isə altı ay saxlandıqdan sonra belə sabitliyini qoruyub. Siçovullar üzərində aparılan sınaqlarda sınaqdan keçirilmiş beş elektrik rejimindən dördü qan təzyiqini orta hesabla 15%-dən çox azaldıb. Tədqiqat komandasının məlumatına görə, "CaroFlex" adi platin elektrodlarla müqayisədə toxuma ilə daha etibarlı əlaqə yaradıb və sabit elektrik işini təmin edib.
Gələcək planlar nədən ibarətdir?
İmplantasiyadan iki həftə sonra ətraf toxumalarda yalnız cüzi iltihab və ya immun sistemi aktivliyi müşahidə edilib. Tao Çjou vurğulayır ki, üç-beş dərmanın kombinasiyası belə bəzi xəstələrdə yüksək təzyiqi sala bilmir və bu bioelektron terapiya onlar üçün xilasedici ola bilər. Hazırda tədqiqatçılar daha genişmiqyaslı heyvan sınaqlarına və gələcək klinik tədqiqatlara keçməzdən əvvəl cihazı optimallaşdırmağı planlaşdırırlar. "Device" jurnalında dərc olunan araşdırmaya görə, 3D-çap texnologiyası ürək-damar xəstəlikləri üçün fərdiləşdirilmiş bioelektron implantların inkişafını sürətləndirəcək.






