"Uber" platformasında sürücüsüz avtomobillərin istifadəsi artdıqca, sərnişinlərin bu nəqliyyat vasitələrində unutduqları əşyaların siyahısı da genişlənir. Şirkətin hesabatına görə, sərnişinlər robotaksilərdə 6,8 kiloqramlıq yaşıl boulinq topu, oyuncaq təkbuynuz və hətta protez dişlər kimi qeyri-adi əşyalar qoyub gediblər.
"Uber" birbaşa robotaksi istehsal etməsə də, "Waymo", "Motional" və "Avride" kimi şirkətlərlə əməkdaşlıq edir. Robotaksilər hələlik ümumi səfərlərin 1 faizindən azını təşkil etsə də, artıq statistik məlumatlar üçün kifayət qədər aktiv istifadə olunur.
Ən çox unudulan əşyalar:
- Smartfonlar (iPhone, Android, Galaxy modelləri)
- Pul kisələri və açarlar
- Qulaqlıqlar və eynəklər
- Sürücülük vəsiqələri və pasportlar
Qeyri-adi tapıntılar sırasında nəhəng yo-yo oyuncağı, qara mərmərdən ördək fiquru, "Squishmallow" oyuncağı, "Charli XCX" posteri və "Smurf" brelokları da var. Sərnişinlər "Yves Saint Laurent", "Chanel", "Coach", "Louis Vuitton", "Prada", "Dior" və "Hermès" kimi brendlərin əşyalarını, eləcə də "Gucci" yorğanını avtomobildə unudublar.
Robotaksilərdə unudulan əşyaların geri qaytarılması prosesi adi taksilərdən fərqlənir. Sərnişinlər tətbiq vasitəsilə müraciət edir, əşya tapıldıqda isə 15 ABŞ dolları ödənişlə kuryer vasitəsilə və ya depodan şəxsən götürə bilirlər. "Uber"in avtonom dəstək üzrə qlobal rəhbəri Amy Satrom bildirib ki, şirkət sərnişinlərin əşyalarına tez qovuşması üçün on ildir sistemlər qurur. Şirkət 2029-cu ilə qədər dünyanın ən böyük robotaksi vasitəçisi olmağı hədəfləyir.






