Pensilvaniya ştatı süni intellekt tərəfindən yaradılan məzmunun reklam sahəsində tənzimlənməsi istiqamətində mühüm addım atıb. Qubernator Josh Shapiro tərəfindən imzalanan "Süni İntellektlə Aldadıcı Reklam Aktı" (Artificial Intelligence Deceptive Advertising Act) çərçivəsində, süni intellektin köməyi ilə hazırlanan və ya ciddi dəyişikliklərə məruz qalan bütün reklam növləri – video, audio, mətn və ya şəkillər – müvafiq etiketlərlə işarələnməlidir.
Yeni qanunvericilik təkcə iri korporasiyaların televiziya reklamlarını deyil, həm də kiçik bizneslərin çap materiallarını əhatə edir. Qaydalara əsasən, reklam hansı formatdadırsa, etiket də həmin formatda təqdim edilməlidir. Bu tələb reklamın harada yaradılmasından asılı olmayaraq, Pensilvaniya ərazisində yayımlanan bütün materiallara şamil olunur.
Qanunun tətbiqi ilə bağlı hansı boşluqlar var?
Ekspertlər qanunun bəzi müddəalarının subyektiv xarakter daşıdığını və boşluqlara yol açdığını bildirirlər. Xüsusilə, "əhəmiyyətli dərəcədə dəyişdirilmiş" ifadəsinin dəqiq hüquqi tərifinin olmaması, həmçinin parodiya, satira və ya "aşkar şəkildə uydurma" hesab edilən kontentlər üçün nəzərdə tutulan istisnalar tətbiq zamanı çətinliklər yarada bilər.
Qanunvericilik yalnız istehlakçıda məhsul və ya xidmət haqqında "yalançı təəssürat" yaradan süni məzmunlara qarşı yönəlib. Lakin "yalançı" anlayışının necə müəyyən ediləcəyi və bu qərarları kimin verəcəyi hələlik qaranlıq qalır. Qanun layihəsinin müəllifi, ştat senatoru Nick Pisciottano-nun ofisi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.






