Grinding Gear Games-in həmtəsisçisi Conatan Rocers Eurogamer nəşrinə verdiyi müsahibədə Path of Exile 2-nin erkən çıxış mərhələsindən ayrılması fonunda orijinal Path of Exile oyununun gələcəyi ilə bağlı məsələlərə aydınlıq gətirib.
2013-cü ildə işıq üzü görən və 13 ildir böyük yeniləmələrlə dəstəklənən orijinal oyun, mart ayında təqdim olunan "Mirage" genişlənməsi ilə yenilənməyə davam edib. Eyni zamanda, Path of Exile 2 ötən həftə erkən çıxış dövründəki ən böyük yeniləməsi olan "Qədimlərin qayıdışı"nı alaraq 2026-cı ildə gözlənilən 1.0 versiyasına bir addım da yaxınlaşıb.
Rocersin sözlərinə görə, Path of Exile-ın yeni liqalarının başlaması hələ də yüz minlərlə oyunçunu cəlb edir, buna görə də şirkətin layihəyə dəstəyi dayandırması üçün heç bir səbəb yoxdur. O, oyunçu marağı olduğu müddətcə dəstəyin davam edəcəyini vurğulayıb: "Bəli, oyunçular getmədiyi müddətcə biz onu əbədi olaraq dəstəkləməyə davam edəcəyik".
Xatırladaq ki, Path of Exile PC, Mac, PS4 və Xbox One platformalarında mövcuddur. 6 dekabr 2024-cü ildə başlayan Path of Exile 2-nin ödənişli erkən çıxışı isə PC, PS5, Xbox Series X və S konsollarında əlçatandır. Tam versiya çıxdıqdan sonra ikinci hissə də birinci kimi pulsuz (free-to-play) modelə keçəcək.






