"Oracle" şirkəti süni intellekt (Sİ) və məlumat mərkəzlərinin inkişafına resurs ayırmaq üçün kütləvi ixtisarlara gedib. Son bir ay ərzində təxminən 30 min əməkdaş işini itirib. İşdən çıxarılanların çoxu iddia edir ki, rəhbərlik onları korporativ Sİ modellərini öz iş prosesləri əsasında öyrətməyə məcbur edib. Faktiki olaraq, işçilər özlərini əvəz edəcək texnologiyanı hazırlayıblar. Buna etiraz olaraq, 600-dən çox keçmiş əməkdaş işdənçıxarma müavinətinin artırılması və tibbi sığortanın uzadılması tələbi ilə kollektiv məktub imzalasa da, "Oracle" onlarla danışıqlar aparmaqdan imtina edib.
Süni intellektə yatırılan milyardlar və işçilərin narazılığı
Şirkətin direktorlar şurasının sədri Lari Ellison (Larry Ellison) hesab edir ki, gələcəyin iqtisadiyyatında əsas qaliblər məhz Sİ infrastrukturunu quranlar olacaq. "Bloomberg" nəşrinin məlumatına görə, "Oracle" şirkətinin pul axını ən azı 2030-cu ilə qədər mənfi olaraq qalacaq. Bazar kapitallaşması 400 milyard ABŞ dollarını keçən və son 15 ilin ən yaxşı rübünü geridə qoyan şirkətin bu addımı bütün iqtisadiyyat üçün ciddi xəbərdarlıq siqnalı olub. 2025-ci ilin may ayının sonuna olan məlumata görə, şirkətin dünya üzrə 162 min işçisi var idi.
Texnologiya nəhəngi son illərdə verilənlər bazası proqram təminatından kəskin şəkildə Sİ sahəsinə yönəlib. 2025-ci ilin yanvar ayında Lari Ellison, Donald Tramp (Donald Trump), Sem Altman (Sam Altman) və Masayoşi Son (Masayoshi Son) ilə birlikdə 500 milyard ABŞ dolları dəyərində "Stargate" infrastruktur layihəsini elan edib. Sentyabr ayında isə "Oracle" bulud imkanlarının təmin edilməsi üçün "OpenAI" ilə 300 milyard ABŞ dolları məbləğində müqavilə bağlayıb. Bu ərəfədə Ellison qısa müddətə dünyanın ən zəngin adamı olub.
İş prosesində Sİ alətlərinin səmərəsizliyi
"TIME" nəşrinə danışan və adının açıqlanmasını istəməyən keçmiş baş tərtibatçı bildirib ki, şirkətin Sİ tələbləri tez-tez gənc mütəxəssislərin işləməyən kodlar yazmasına səbəb olurdu. Başqa bir əməkdaş isə "ChatGPT" və ya "Claude" əvəzinə istifadəsi məcburi olan daxili çatbotların tamamilə yararsız olduğunu vurğulayıb. 2022-ci ildə "Oracle" tərəfindən alınan "Cerner" şirkətinin keçmiş işçisi qeyd edib ki, Sİ alətlərinin tətbiqi ilə məhsuldarlıq gözləntiləri artıb və iş həftəsi 60-80 saata çatıb. O, "Biz Sİ-ni bizi əvəz etməsi üçün öyrədirdik, lakin onsuz da işin öhdəsindən gələ bilmirdik" deyə əlavə edib.
Maliyyə qənaəti və vizası ləğv edilən mütəxəssislər
31 mart tarixində səhmlərin ucuzlaşması fonunda "Oracle" növbəti ixtisar dalğasını elan edib. "TD Cowen" analitikləri hesablayıblar ki, 20-30 min işçinin ixtisarı məlumat mərkəzlərinin tikintisi üçün 8-10 milyard ABŞ dolları sərbəst pul axını yaradacaq. "What We Will" mərkəzinin 272 ixtisar olunmuş işçi arasında apardığı sorğu göstərib ki, respondentlərin 62%-i 40 yaşdan yuxarıdır, 22%-i isə şirkətdə 15 ildən çox çalışıb. İxtisara düşənlərin çoxu şirkətin qəsdən daha yaşlı və yüksək maaşlı, məhdud dövriyyəli səhmləri (RSU) olan işçiləri hədəf aldığını düşünür. Respondentlərin 27%-i səhmlərin verilməsinə 90 gündən az vaxt qaldığını bildirib.
İxtisarlar xüsusilə ABŞ-da "H-1B" işçi vizası ilə çalışanlar üçün ağır zərbə olub. Onların yeni iş tapmaq və ya ölkəni tərk etmək üçün cəmi 60 gün vaxtı var. 17 aprel tarixində 600 əməkdaşın imzaladığı məktubda "Google" və "Meta" kimi şirkətlərin standartlarına uyğun təzminat tələb edilib. "What We Will" təşkilatının qurucusu Keytlin Kort (Kaitlin Cort) bildirib ki, texnologiya sektorunda Sİ ilə bağlı kütləvi ixtisarlar işçilər arasında həmkarlar ittifaqı yaratmaq istəyini kəskin şəkildə artırıb. Keçmiş əməkdaşlar "Oracle" rəhbərliyinin onlara sadəcə gəlir gətirməyən avadanlıq kimi yanaşdığını qeyd edirlər.






