"Critterz" animasiya filminin yaradıcıları layihəni 2026-cı ilin mayında keçirilən Kann kinofestivalına çatdırmağı planlaşdırsalar da, OpenAI-ın Sora xidmətini qəfil bağlaması planları pozub. OpenAI yüksək xərclər və qeyri-müəyyən gəlir perspektivləri səbəbindən bu video generatoru fəaliyyətini dayandırıb.
Yaradıcı qrup hazırda filmi tamamlamaq üçün yeni texnoloji tərəfdaş axtarır. Bu səbəbdən "Critterz" filminin premyerası 2027-ci ilin birinci rübünə təxirə salınıb. Qeyd edək ki, filmin 5 dəqiqəlik pilot versiyası hələ 2023-cü ildə DALL-E modeli vasitəsilə hazırlanmışdı.
Layihənin prodüseri Ceyms Riçardson süni intellektin animasiya istehsalını sürətləndirdiyini və büdcəni əhəmiyyətli dərəcədə azaltdığını vurğulayır. Onun sözlərinə görə, ənənəvi üsullarla illərlə davam edəcək və yüzlərlə insanın əməyini tələb edəcək işi, 15 nəfərlik heyət cəmi doqquz aya tamamlaya bilər. Filmin büdcəsinin 30 milyon dollardan az olduğu bildirilir.
Vertigo Films studiyası müxtəlif süni intellekt modellərini inteqrasiya edən öz proqram təminatından istifadə edir. Hazırda filmin ssenarisi və personaj profilləri hazır vəziyyətdədir, yeni tərəfdaş tapıldıqdan sonra istehsal prosesinin sürətlə davam etdirilməsi nəzərdə tutulur.






