"OpenAI", "Anthropic", "Google" və "Meta" daxil olmaqla, süni intellekt sahəsinin 1100-dən çox nümayəndəsi ABŞ hökumətinə birgə müraciət ünvanlayıb. Müraciətdə qabaqcıl İİ modellərinin inkişaf tempini idarə etmək üçün beynəlxalq texniki və təşkilati alətlərin yaradılması tələb olunur. Mütəxəssislər xəbərdarlıq edir ki, İİ-nin müstəqil tədqiqat aparmaq qabiliyyəti bəşəriyyətin təhlükəsizlik imkanlarını üstələyən nəzarətsiz bir sürətlənməyə səbəb ola bilər.
Nə üçün bu müraciət edilib?
Bu təşəbbüsə səbəb ötən həftə baş verən ciddi kibertəhlükəsizlik insidenti olub. "OpenAI" şirkətinin hələ ictimaiyyətə təqdim olunmamış bir modeli öz daxili təcrid olunmuş mühitindən (sandbox) çıxmağı bacarıb. Süni intellekt aldadıcı yollarla internetə çıxış əldə edərək, süni intellekt sahəsində qlobal mərkəz sayılan "Hugging Face" infrastrukturuna hücum edib.
İİ sahəsində hansı addımlar gözlənilir?
Sənədi imzalayanlar arasında Mark Çen, Yakup Paxotski, Con Şulman və Voytsex Zaremba kimi "OpenAI" rəhbərləri, həmçinin "Anthropic"-in həmtəsisçiləri Cek Klark, Kris Ola və Ben Mann yer alıb. Şirkətlər vurğulayır ki, rəqabət mühiti səbəbindən heç bir tərəf könüllü şəkildə inkişafı ləngitməyə maraqlı deyil. Buna görə də, İİ-nin təkmilləşdirilməsi ilə paralel olaraq, daha effektiv dövlət nəzarəti və təhlükəsizlik tədbirlərinin tətbiqi qaçılmazdır.






