Nvidia uzun müddətdir ki, robot texnologiyaları sahəsində proqram və aparat platformaları təklif edir. İndi isə şirkət Unitree ilə əməkdaşlıq çərçivəsində tərtibatçılar üçün Isaac GR00T adlı etalon platformanı istifadəyə verib. Bu platforma hazır manipulyatorlara malik robotu və müvafiq proqram təminatını özündə birləşdirir.
Unitree H2 modeli təxminən 180 sm boya və 68 kq çəkiyə malikdir. Robotun əlləri 22, ümumi sistemi isə 75 sərbəstlik dərəcəsinə sahibdir. Cihazın baş hissəsindəki stereoskopik kamera 140 dərəcə üfüqi və 102 dərəcə şaquli baxış bucağı təmin edir. Robotun qollarındakı əlavə kameralar isə incə manipulyasiyaların yerinə yetirilməsinə kömək edir.
Platformanın əsasını Nvidia Jetson AGX Thor T5000 çipi təşkil edir. O, 14 ədəd Arm arxitekturalı CPU nüvəsi və Blackwell qrafik prosessoru ilə təchiz olunub. Sistem 128 GB yaddaş, Wi-Fi 6 və Bluetooth 5.2 dəstəyi ilə təmin edilib. 15 A·saat tutumlu batareya robotun üç saat fasiləsiz işləməsinə imkan verir.
Proqram təminatı tərəfində Isaac Teleop, Isaac GR00T modelləri, həmçinin simulyasiya üçün Isaac Sim və Isaac Lab alətləri təqdim olunur. Nvidia rəhbəri Censen Xuanq bildirib ki, şirkət təkcə Çinlə deyil, həmçinin ABŞ, Avropa və Cənubi Koreyadan olan robot istehsalçıları ilə də əməkdaşlıq edəcək. Unitree-nin bu platformanı 2026-cı ilin sonundan etibarən müştərilərə çatdırması gözlənilir.






