Nvidia şirkəti Windows əsaslı fərdi kompüterlər üçün nəzərdə tutulmuş yeni RTX Spark platformasını rəsmən təqdim edib. Grace Blackwell superçipi əsasında qurulan bu həll şirkətin istehlakçı seqmenti üçün hazırladığı ilk tamhüquqlu təkçipli sistemdir.
Taybeydə keçirilən GTC konfransında Microsoft ilə birgə nümayiş etdirilən platforma süni intellekt, kontent istehsalı və oyunlar üçün optimallaşdırılıb. RTX Spark 6144 CUDA nüvəsinə malik Blackwell qrafik prosessoru və MediaTek ilə birgə hazırlanan 20 nüvəli Arm arxitekturalı Grace mərkəzi prosessorunu özündə birləşdirir.
Texniki imkanlar və performans
- Süni intellekt: FP4 rejimində 1 Pflops performans və 120 milyard parametrə qədər dil modellərini yerli şəkildə emal etmək imkanı.
- Yaddaş: 128 GB-a qədər LPDDR5X vahid yaddaş dəstəyi və 600 GB/san ötürmə qabiliyyətinə malik NVLink-C2C interfeysi.
- Oyun və qrafika: RTX şüa izləmə, DLSS, Reflex və G-Sync texnologiyaları ilə 1440p keyfiyyətində 100 FPS-dən yüksək göstəricilər.
Nvidia-nın məlumatına görə, RTX Spark platforması 12K video redaktə etmək və 4K videoları süni intellekt vasitəsilə yaratmaq gücünə malikdir. Platforma həmçinin Adobe Photoshop, Premiere, Blender və DaVinci Resolve kimi proqramlar üçün xüsusi optimallaşdırma təklif edir.
İlk noutbukların bu payız satışa çıxarılması gözlənilir. 14-16 düym ekran ölçüsünə malik olacaq bu cihazların qalınlığı 14 mm, çəkisi isə 1,3 kq-dan çox olmayacaq. Asus, Dell, HP, Lenovo, Microsoft Surface və MSI kimi istehsalçılar artıq 30-dan çox noutbuk modeli üzərində işləyirlər.






