Huawei Technologies şirkəti yaxın zamanda çip layihələndirilməsi və istehsalı ilə bağlı yeni yanaşma elan edib. Bu üsul litografiya sahəsində ciddi irəliləyiş olmadan belə, xarici rəqiblərin həlləri ilə rəqabət apara biləcək komponentlərin əldə edilməsinə imkan verir.
Nvidia-nın baş direktoru və təsisçisi Censen Xuanq Tayvana səfəri zamanı Huawei-nin bu texnoloji sıçrayışını şərh edib. Onun sözlərinə görə, Huawei tərəfindən təklif olunan "τ miqyaslama qanunu" çoxqatlı çiplərin və hibrid birləşmələrin yaradılması vasitəsilə prosessorların sürətini artırmağa imkan verir. Bu yanaşma ilə tranzistorların fiziki ölçülərini dəyişmədən vahid sahəyə düşən tranzistor sayını iki, üç və ya dörd dəfə artırmaq mümkündür.
Xuanq bu texnoloji yanaşmanı perspektivli adlandırsa da, TSMC-nin on ildən çoxdur ki, bənzər tədqiqatlar apardığını və şirkətin qabaqcıl mövqeyinə heç bir təhlükə olmadığını qeyd edib. Qeyd edək ki, TSMC Nvidia-nın çip istehsalı və qablaşdırılması üzrə əsas tərəfdaşı olaraq qalır.
Digər mənbələrin məlumatına görə, Huawei-nin təklif etdiyi çoxqatlı mikrosxemlər texnologiyası siqnal ötürülməsi vaxtını qısaltmağı hədəfləyir. Bununla belə, texnologiyanın istilik ayrılmasını artırması və mürəkkəb avadanlıq tələb etməsi səbəbindən kütləvi bazara çıxış perspektivləri hələlik qeyri-müəyyəndir.






