Taybeydə keçirilən Computex 2026 sərgisində Noctua şirkəti fazalı keçid prinsipi ilə işləyən və nasos tələb etməyən maye soyutma sisteminin (SJC) yeni versiyasını təqdim edib. İki il əvvəl təqdim olunan ilkin prototip cəmi 100 Vt gücündə olan AMD Ryzen 7 9800X3D prosessorunu soyuda bilirdisə, hazırkı model 230 Vt istilik ayrılmasına malik AMD Ryzen 9 9950X3D prosessorunu effektiv şəkildə soyutmağa qadirdir.
Bu göstərici şirkətin 360 mm-lik radiatora malik ənənəvi Noctua NL-LC1-36 AIO sistemi ilə müqayisə edilə biləcək səviyyədədir. Sistemin iş prinsipi termosifon effektinə əsaslanır:
- Prosessor üzərində yerləşən radiator (buxarlandırıcı) mayeni qızdıraraq qaz halına keçirir.
- Qaz halındakı maye yuxarıya – kondensatora doğru hərəkət edir.
- Kondensatorda soyuyan maye yenidən maye halına qayıdır və istilik enerjisini xaric edir.
Bu proses heç bir nasos olmadan, yalnız sıxlıq dəyişimi hesabına baş verir. Noctua mühəndisləri bu texnologiyanı mükəmməlləşdirmək üçün ötən ilin may ayından bəri 400-dən çox prototip hazırlayıblar. Mütəxəssislər xüsusilə Leydenfrost effektinin qarşısını almaq və buxarlanma prosesini stabil saxlamaq üçün müxtəlif texniki həllər tətbiq ediblər. Şirkət bu tip soyutma sistemlərinin kütləvi istehsalına 2027-ci ilin üçüncü rübündə başlamağı planlaşdırır.






