“The Wall Street Journal”ın məlumatına görə, “Netflix” platforması xüsusi şoular və filmləri fasiləsiz yayımlayan “canlı” kanallar yaratmağı nəzərdən keçirir. Bu yanaşma “Pluto TV” və “Tubi” kimi xidmətlərin iş prinsipinə bənzəyir, lakin rəqiblərdən fərqli olaraq, “Netflix” hazırda ödənişli abunə modelinə əsaslanır. Şirkətin reklamlı abunə planı populyarlıq qazansa da, qiymət artımından sonra aylıq ödəniş 8,99 ABŞ dolları təşkil edir.
Nə üçün bu dəyişikliklər edilir?
Şirkətin bu addımları platformada izləyici aktivliyinin azalması ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır. “Netflix” həmçinin “Apple TV” və “Prime Video” kimi rəqiblərində mövcud olan digər striminq xidmətləri ilə birgə paketlərin satışını da planlaşdırır. Bu strategiya istifadəçilərin platformada daha çox vaxt keçirməsini təmin etmək üçün nəzərdə tutulub.
Bundan əlavə, “Bloomberg” agentliyinin hesabatına görə, “Netflix” öz orijinal seriallarının ikinci mövsümlərində izləyici sayının kəskin azalması problemini həll etməyə çalışır. Şirkət bu məqsədlə “BuzzFeed” və “Condé Nast” kimi media brendlərindən video podkastlar və qısa formatlı kontentlər əlavə edir. “Netflix” sözçüsü Adrian Zamora isə bu xəbərlərlə bağlı hər hansı şərh verməkdən imtina edib.






