NASA Ayın Cənub qütbündə baza qurmaq istiqamətində ilk addımlarını atır. Qurumun açıqlamasına görə, bu il elan ediləcək ondan çox missiyanın ilkin mərhələsi olaraq üç əsas uçuş həyata keçiriləcək.
Ay bazası missiyaları
Moon Base I missiyası 2026-cı ilin payızından tez olmayaraq start götürəcək. Blue Origin şirkətinin "Blue Moon Mark 1 Endurance" eniş modulu vasitəsilə Ayın səthinə müxtəlif cihazlar, o cümlədən Stereo Kamera və Lazer Retroreflektiv Massivi çatdırılacaq. Bu cihazlar mühərrik şırnaqlarının Ay səthinə təsirini öyrənməyə və kosmik aparatların dəqiq yerini müəyyən etməyə kömək edəcək.
Moon Base II missiyası çərçivəsində Astrobotic şirkətinin "Griffin" eniş modulu ilə 1100 funtdan (təxminən 500 kq) çox yük, o cümlədən "Astrolab FLIP" roveri çatdırılacaq. Bu, gələcək Ay ərazi nəqliyyat vasitələrinin (LTV) fəaliyyəti üçün vacib məlumatlar toplayacaq.
Moon Base III missiyası isə NASA, ESA və Koreya Astronomiya və Kosmik Elmlər İnstitutunun yüklərini daşıyacaq. "Lunar Vertex" cihazı Intuitive Machines şirkətinin "Nova-C Trinity" modulu ilə Ayın səthindəki işıqlı ləkələri (lunar swirls) tədqiq edərək materialların ekstremal şəraitdə davranışını öyrənəcək.
Yeni nəsil Ay roverləri
NASA yeni roverlərin hazırlanması üçün Astrolab-a 219 milyon dollar, Lunar Outpost-a isə 220 milyon dollar vəsait ayırıb. Bundan əlavə, Blue Origin şirkətinə bu roverlərin Aya çatdırılması üçün 188 milyon dollar ayrılıb. Astrolab-ın CLV-1 roveri astronavtların daşınması üçün nəzərdə tutulub, Lunar Outpost-un "Pegasus" roveri isə həm avtonom, həm də məsafədən idarəetməni dəstəkləyir.
Bundan başqa, NASA 2028-ci ildə Firefly Aerospace şirkəti ilə birlikdə dörd "MoonFall" dronunu Aya göndərməyi planlaşdırır. Bu dronlar çətin ərazilərin yüksək keyfiyyətli görüntülərini çəkəcək.






