"NASA" alimlərinin hazırladığı yeni süni işıqlandırma xəritələri planetimizin gecə həyatı ilə bağlı gözlənilməz mənzərəni üzə çıxarıb. Beynəlxalq tədqiqat qrupunun gəldiyi qənaətə görə, Yerin gecə işıqları urbanizasiya ilə sadəcə artmır, həm də iqtisadi dalğalanmalar, tikinti bumu, enerji böhranları və kütləvi elektrik kəsintiləri fonunda daim dəyişir. Tədqiqatın əsasını insan infrastrukturundakı dəyişiklikləri izləmək üçün "NASA" tərəfindən hazırlanmış "Black Marble" layihəsinin məlumatları təşkil edib. Gündəlik kalibrlənən bu sistem ən aktual və dəqiq elmi müşahidələr aparmağa imkan verir.
"Black Marble" sistemi necə işləyir?
"NASA" qeyd edir ki, "Black Marble" layihəsi işıq çirklənməsi, qeyri-qanuni balıq ovu, meşə yanğınları və təbii fəlakətlərin nəticələrinin öyrənilməsində mühüm rol oynayır. Sistemin mərkəzində eyni vaxtda üç peyk platformasında — "NOAA-20", "NOAA-21" və "Suomi NPP" üzərində quraşdırılmış "VIIRS" (Visible Infrared Imaging Radiometry Suite) kompleksi dayanır. Kompleksin unikal sensorları gecə vaxtı son dərəcə zəif işıqlanma şəraitində belə Yerin yüksək keyfiyyətli təsvirlərini qeydə ala bilir. Sistem yaşıl və yaxın infraqırmızı işıq daxil olmaqla bir neçə diapazonda şüalanmanı qeydə alır və müxtəlif elmi tapşırıqlar üçün xüsusi filtrləmə üsullarından istifadə edir.
Qlobal işıqlanmada hansı dəyişikliklər baş verib?
Yeni xəritələr 2014 və 2022-ci illər arasında planetin sıx məskunlaşmış bölgələrində süni işıqlandırmanın parlaqlığının necə dəyişdiyini nümayiş etdirir. Tədqiqat təxminən 60 dərəcə cənub və 70 dərəcə şimal enlikləri arasındakı əraziləri əhatə edib. Təsvirlərdə sarı və qızılı çalarlar işıqlandırmanın nəzərəçarpacaq dərəcədə artdığı əraziləri, bənövşəyi rənglər isə parlaqlığın azaldığı yerləri göstərir. Alimlərin sözlərinə görə, Yerin gecə işıqları təəccüblü dərəcədə dinamikdir və işıqlanmanın artması ilə azalması prosesləri eyni vaxtda baş verir.
Tədqiqatçılar hesablayıblar ki, süni işığın dəyişdiyi hər bir bölgə doqquz illik müşahidə dövründə orta hesabla 6,6 fərqli dəyişiklik yaşayıb. Qlobal miqyasda işıq şüalanmasının səviyyəsi təxminən 34 faiz artıb. Lakin alimlər vurğulayırlar ki, işıqlandırmanın ümumi artımı parlaqlığın nəzərəçarpacaq dərəcədə azaldığı bölgələri gizlədir. Məsələn, ABŞ-ın qərb sahilində əhali artımına paralel olaraq şəhərlər daha da işıqlansa da, şərq sahilində işıqlandırmanın intensivliyinin azalması müşahidə edilib. Tədqiqatçılar bunu enerjiyə qənaət edən LED texnologiyalarına keçid və iqtisadi dəyişikliklərlə əlaqələndirirlər.
Avropa və Asiyada vəziyyət fərqlidirmi?
Gecə vaxtı süni işıqlandırmanın ən əhəmiyyətli artımı Çin və Şimali Hindistan ərazilərində qeydə alınıb. Bu dəyişikliklər aktiv şəhərsalma və genişmiqyaslı urbanizasiya bölgələri ilə üst-üstə düşüb. Eyni zamanda, Böyük Britaniya və Fransa daxil olmaqla bir sıra Avropa ölkələrində, xüsusən də Paris kimi böyük şəhərlərdə LED işıqlandırmanın tətbiqi və enerjiyə qənaət tədbirləri sayəsində işıq çirklənməsinin səviyyəsi aşağı düşüb. İşıqlandırma səviyyəsində ən kəskin azalma isə müşahidə dövrünün sonuna yaxın, Rusiyanın Ukrayna ərazisinə müdaxiləsindən sonra bir çox Avropa ölkələrinin enerji böhranı ilə üzləşdiyi vaxt baş verib.






