"X-59" təyyarəsinin yeni sınaq mərhələsi
"NASA" özünün eksperimental səsdən sürətli "X-59" təyyarəsinin sınaq uçuşları proqramını genişləndirməyə davam edir. Agentlik aparatı əvvəlcədən təsdiqlənmiş istismar məhdudiyyətlərindən kənarda yoxlayaraq, havadakı təhlükəsiz iş rejimlərini daha dəqiq müəyyənləşdirir. 14 aprel tarixində Kaliforniya ştatındakı Mohave səhrası üzərində növbəti sınaq uçuşu həyata keçirilib. Bu zaman pilot bir sıra idarəolunan manevrlər icra edib.
Uçuş zamanı "Amerika təpələri"ni xatırladan hündürlüyün artırılması və azaldılması trayektoriyası sınaqdan keçirilib. Pilot həmçinin təyyarənin aerodinamik xüsusiyyətlərini öyrənmək üçün mürəkkəb idarəetmə rejimlərini tətbiq edib. Konstruksiyanın yük altında davranışını qiymətləndirmək məqsədilə qəsdən idarəolunan vibrasiyalar yaradılıb. Bundan əlavə, şassi açıq vəziyyətdə uçuş və yana əyilmə manevrləri vasitəsilə aparatın dözümlülüyü və idarəolunması yoxlanılıb.
Səs sürətinə doğru: Mach 0.98
"NASA" nümayəndələrinin sözlərinə görə, bu uçuş zamanı "X-59" səs sürətinə çox yaxınlaşıb. Təyyarə Mach 0,98 göstəricisinə, yəni saatda təxminən 1235 kilometr sürətə çatıb. Bu nəticə cari sınaq proqramında qeydə alınan ən yüksək sürət göstəricilərindən biridir.
Qeyd edək ki, "X-59" təyyarəsi "Lockheed Martin" şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Təxminən on il əvvəl başlayan bu layihənin dəyəri 518 milyon ABŞ dolları təşkil edir. Uzunluğu təqribən 30 metr, qanad genişliyi isə 9 metr olan aparatın fərqləndirici xüsusiyyəti onun qeyri-adi burun hissəsidir. Konstruksiyanın üçdə birini təşkil edən bu uzun və incə burun səs baryerini keçərkən yaranan zərbə dalğalarının intensivliyini azaltmaq üçün nəzərdə tutulub.
Layihənin əsas məqsədi nədir?
Aparatın ilk uçuşu 28 oktyabr 2025-ci il tarixində baş tutub. Həmin vaxt təyyarə havada bir saata yaxın vaxt keçirərək saatda 370 kilometr sürətə və 3,6 kilometr hündürlüyə çatıb. Uçuşdan sonra təyyarə Kaliforniyadakı "NASA"-nın Armstronq adına Uçuş Tədqiqatları Mərkəzi yaxınlığında yerə enib. O vaxtdan bəri agentlik sınaq diapazonunu genişləndirərək uçuşların sürətini və hündürlüyünü tədricən artırır.
Layihənin başlıca hədəfi səsdən sürətli uçuşlar zamanı səs zərbəsinin səviyyəsini əhəmiyyətli dərəcədə azaldan texnologiya yaratmaqdır. 2003-cü ildə istismardan çıxarılan və səs-küyə görə quru üzərində sürətini azaltmağa məcbur olan "Concorde" təyyarəsindən fərqli olaraq, "X-59" daha "səssiz" olacaq. Agentlik iddia edir ki, ənənəvi gurultulu səs zərbəsi əvəzinə, avtomobil qapısının çırpılmasına bənzəyən daha yumşaq bir səs effekti yaranacaq. Gələcəkdə bu texnologiyanın mülki aviasiyaya tətbiqi və ABŞ-ın yaşayış məntəqələri üzərində sınaqdan keçirilməsi planlaşdırılır.






