Uçuş niyə tezləşdirildi?
"NASA" rəhbərliyinin qərarına əsasən, "SpaceX Crew-13" missiyasının başlama tarixi 2026-cı ilin noyabrından sentyabr ayına çəkilib. Kosmik agentlik əvvəlcə "Roskosmos" kimi büdcəyə qənaət etmək üçün rotasiyaları doqquz aydan bir həyata keçirməyi düşünürdü. Lakin yeni rəhbərlik stansiyanın istismarı dövründə qənaət etməmək qərarına gəlib. Əsas hədəf gələcəkdə Ay və Marsa uçuşlar üçün daha çox astronavt hazırlamaqdır. Avropa ölkələri də bu fürsətdən istifadə edərək qısamüddətli ekspedisiyalar üçün "SpaceX" gəmilərini icarəyə götürməyi planlaşdırır.
"SpaceX Crew-13" heyətinin tərkibi
Yeni missiyanın heyəti dörd fərqli kosmik agentliyi təmsil edən şəxslərdən ibarətdir. "NASA" astronavtı Cessika Uotkins (Jessica Watkins) komandir, Lük Delani (Luke Delaney) isə pilot təyin edilib. Kanadalı astronavt Coşua Kutrik (Joshua Kutryk) və rusiyalı kosmonavt Sergey Tetryatnikov isə missiya mütəxəssisləri kimi fəaliyyət göstərəcəklər. BKS-ə çatdıqdan sonra bu komanda 75-ci ekspedisiyanın bir hissəsi olacaq.
Astronavtların təcrübəsi və keçmişi
Komandir Cessika Uotkins üçün bu, stansiyaya ikinci uçuş olacaq. O, əvvəllər "Curiosity" marsoxodu komandasında işləmiş mineraloqdur və "SpaceX" gəmisi ilə ikinci dəfə uçan ilk astronavt kimi tarixə düşəcək. Heyətin digər üç üzvü isə kosmosa ilk dəfə səyahət edəcək.
Pilot Lük Delani və mütəxəssis Coşua Kutrik keçmiş hərbi qırıcı pilotlarıdır. Delani müxtəlif qaynar nöqtələrdə tapşırıqlar yerinə yetirib, Kutrik isə NATO-nun Rusiya ilə sərhədlərində patrul xidmətində olub.
Rusiyalı kosmonavt Sergey Tetryatnikov da hərbi təhsilə malikdir. O, Sankt-Peterburqdakı Hərbi Dəniz Akademiyasını gəmi enerji qurğularının istismarı üzrə mühəndis ixtisası ilə bitirib. Qeyd edək ki, "Roskosmos" bu proseslərdə tələsmir və öz fərdi planlarına uyğun hərəkət edir.






