"NASA"nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) mikrobioloqu Kasturi Venkatesvaran və komandası "Mars-2020" proqramı çərçivəsində istifadə olunan təmiz otaqlarda gözlənilməz kəşfə imza atıblar. Hətta ən sərt dezinfeksiya prosedurlarından sonra belə, məkanda 27 fərqli göbələk ştammı tapılıb. Onların arasında "Aspergillus calidoustus" növü kosmik radiasiyaya, vakuuma və dərin kosmosun temperaturuna qarşı qeyri-adi dözümlülük nümayiş etdirib.
Bu göbələk kosmosda necə sağ qalır?
Tədqiqatçılar toplanmış göbələk sporlarını (konidiləri) bir sıra ekstremal sınaqlardan keçiriblər. Nümunələr Yerdəkindən qat-qat güclü ultrabənövşəyi (UV) şüalanmaya, Marsın atmosferinə uyğun aşağı təzyiqə və -60 dərəcə Selsi şaxtaya məruz qoyulub. Sınaqdan keçirilən 27 ştammdan 23-ü UV şüalanmadan sağ çıxmağı bacarıb.
Bütün sınaqların mütləq rekordçusu isə "Aspergillus calidoustus" olub. O, aylarla davam edən ionlaşdırıcı radiasiyaya və Mars tozuna tab gətirib. Alimlərin sözlərinə görə, bu göbələyi yalnız yüksək radiasiya və ekstremal soyuğun uzunmüddətli kombinasiyası etibarlı şəkildə məhv edə bilib.
Planetlərarası çirklənmə riski nə qədərdir?
Hazırkı qaydalara əsasən, Marsa göndərilən kosmik aparatların hər kvadratmetrində 300-dən çox spor olmamalıdır. 1967-ci il tarixli BMT-nin Kosmos haqqında Müqaviləsinin IX maddəsinə görə, hər hansı tədqiqat digər dünyaların zərərli çirklənməsinin qarşısını almalıdır. Alimlər vurğulayırlar ki, bu kəşf Marsın dərhal göbələklərlə örtüləcəyi demək deyil, lakin planetlərarası missiyalarda mikroorqanizmlərin sağ qalma potensialını daha dəqiq qiymətləndirməyə kömək edir.
Astronavtlar üçün hansı təhlükələr var?
"Aspergillus" növləri insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Xüsusilə aspergilloz kimi tənəffüs yolları xəstəliklərinə səbəb olan bu göbələklər, uzunmüddətli missiyalar zamanı astronavtların həyatını təhlükəyə ata bilər. "Applied and Environmental Microbiology" jurnalında dərc edilən bu araşdırma, "Artemida" proqramı kimi gələcək kosmik uçuşlar ərəfəsində "NASA"nın planetar müdafiə strategiyalarını təkmilləşdirməyə xidmət edəcək.






