ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi ("NASA") planetlərarası uçuşlarda inqilab etməyə hazırlaşır. Agentlik 2028-ci ilin dekabrında Marsa nüvə enerji qurğusu ilə təchiz edilmiş ilk kosmik aparatı buraxmağı planlaşdırır. "Space Reactor-1" (SR-1) Freedom adlanan layihə 2025-ci ilin dekabrında imzalanmış fərmanla təsdiqlənən "ABŞ-ın kosmik üstünlüyü" strategiyası çərçivəsində hazırlanıb. Yeni istiqamətə agentliyin rəhbəri Cared Ayzekman rəhbərlik edir.
Nüvə aparatı necə işləyəcək?
Missiyanın əsas məqsədi kosmosda nüvə elektrik dartı qüvvəsinin praktiki tətbiqini nümayiş etdirməkdir. 60 ildən çox davam edən tədqiqatlara və "SNAP-10A" kimi uğursuz layihələr daxil olmaqla müxtəlif proqramlara xərclənən təxminən 20 milyard ABŞ dolları vəsaitə baxmayaraq, bu texnologiya hələ də tam tətbiqini tapmayıb. Aparat 20 kilovat gücündə nüvə reaktoru ilə təchiz ediləcək. Reaktorun buraxılışdan sonrakı 48 saat ərzində aktivləşdirilməsi və Marsa təxminən bir il davam edəcək uçuşun başlaması gözlənilir.
"Skyfall" proqramı nədən ibarətdir?
"NASA" rəhbərinin sözlərinə görə, "SR-1 Freedom" müəyyən edilmiş vaxt çərçivəsində əsas texnologiyaları nümayiş etdirmək üçün "70 faizlik həll" yoludur. Missiyanın əsas vəzifəsi "Ingenuity" aparatına bənzəyən üç muxtar helikopterdən ibarət "Skyfall" proqramını dəstəkləməkdir. Bu dronlar Marsın səthini skan etmək, buz yataqlarını axtarmaq və gələcək insanlı missiyalar üçün potensial eniş yerlərini qiymətləndirmək məqsədilə georadarlarla təchiz ediləcək.
Ay bazası və gələcək planlar nədir?
"SR-1 Freedom" layihəsi agentliyin kosmos üçün miqyaslana bilən nüvə infrastrukturunun yaradılmasını nəzərdə tutan daha geniş strategiyasının bir hissəsidir. 2030-cu ildə "Lunar Reactor-1"in buraxılması, 2032-ci ilə qədər isə Ayda enerji sistemlərinin yerləşdirilməsi planlaşdırılır. Bu məqsədlə "NASA" "Gateway" orbital stansiya proqramını müvəqqəti dayandıraraq, resursları Ayın cənub qütbündəki Şeklton kraterində daimi bazanın yaradılmasına yönəldir.
Büdcə və sonrakı addımlar necə olacaq?
Proqramın ümumi büdcəsi 30 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu məbləğə 2026-cı ildə insanların Aya qaytarılması, 2030-cu illərin əvvəllərində infrastrukturun inkişafı və 2036-cı ilə qədər dörd nəfərlik heyəti dəstəkləyə bilən yaşayış modullarının yaradılması daxildir. "NASA" rəsmisi Stiv Sinakor qeyd edib ki, komanda əsas missiya bitdikdən sonra aparatın gələcək istifadə variantlarını təhlil etməyə davam edir.






