"NASA" gələcək insanlı Mars ekspedisiyalarında istifadə ediləcək litium əsaslı plazma elektrik mühərrikini uğurla sınaqdan keçirib. İlk atəş sınaqları zamanı prototip 120 kilovat gücə çatıb ki, bu da analoji sistemlər üçün indiyədək əldə olunmamış göstəricidir. Kosmik agentliyin hesablamalarına görə, bu cür elektrik mühərrik qurğuları ənənəvi kimyəvi raketlərlə müqayisədə 90 faizə qədər daha az yanacaq sərf edir. Qısa və güclü impulslar əvəzinə, onlar davamlı sürətlənmə yaradaraq planetlərarası uçuşlarda aparatların nəhəng sürətlər toplamasına imkan verir.
Bu texnologiya necə işləyir?
Yeni texnologiya maqnitoplazmodinamik (MPD) və ya Lorens sürətləndiriciləri sinfinə aiddir. Bu sistemlər plazmanı sürətləndirmək və dartı qüvvəsi yaratmaq üçün elektrik cərəyanı ilə maqnit sahəsinin qarşılıqlı təsirindən yaranan elektromaqnit enerjisindən istifadə edir. Bənzər texnologiya 2023-cü ilin oktyabrında buraxılmış "Psyche" missiyasında da tətbiq olunub. Lakin yeni sınaqdan keçirilən mühərrik "Psyche" aparatındakı sistemlərdən 25 dəfə daha güclüdür və gələcəkdə kosmik gəmiləri saatda 200 min kilometr sürətə çatdırmaq potensialına malikdir.
Sınaq prosesi necə həyata keçirilib?
Aprel ayında "NASA"-nın Reaktiv Hərəkət Laboratoriyasının mühəndisləri metal litium buxarı ilə işləyən ilk MPD mühərrik prototipini sınaqdan keçiriblər. Proses zamanı mühərrik beş dəfə işə salınıb, volfram elektrodu parlaq ağ işıq saçıb və sistemin temperaturu 2800 dərəcə Selsidən yuxarı qalxıb. Testlər metal buxarından istifadə edən elektrik mühərriklərinin təhlükəsiz yoxlanılması üçün nəzərdə tutulmuş xüsusi "CoMeT" stendində baş tutub. Bu kompleks meqavat səviyyəli plazma axınları ilə işləmək üçün səkkiz metrlik su soyutmalı vakuum kamerası ilə təchiz edilib.
Mütəxəssislər nə deyir?
"NASA" rəsmisi Cared Ayzekman bildirib ki, agentlik amerikalı astronavtların Marsa göndərilməsi kimi əsas hədəfdən yayınmadan paralel olaraq bir çox kosmik proqramları inkişaf etdirir. O, mühərrikin uğurlu sınaqlarının bu istiqamətdə real irəliləyişi nümayiş etdirdiyini vurğulayıb. Layihə rəhbəri Ceyms Polk isə komandanın son iki ili məhz bu ilk sınaq üçün qurğunun hazırlanmasına sərf etdiyini qeyd edib. Onun sözlərinə görə, tədqiqatçılar həm mühərrikin işləkliyini təsdiqləyib, həm də texnologiyanın gələcək miqyaslanması üçün sınaq platformasının etibarlılığına əmin olublar.
Gələcək hədəflər nələrdir?
Gələcəkdə "NASA" hər bir belə mühərrikin gücünü 500 kilovatdan 1 meqavata qədər artırmağı planlaşdırır. Marsa tamhüquqlu insanlı ekspedisiya üçün ümumi gücü 2-dən 4 meqavata qədər olan enerji tələb olunacaq. Bu isə o deməkdir ki, bir neçə MPD mühərriki 23 min saatdan çox fasiləsiz işləməlidir. Mühəndislərin qarşısında duran əsas vəzifələrdən biri ekstremal temperatur və yüksək yüklənmə şəraitində bu qədər uzunmüddətli istismara tab gətirə biləcək materialların yaradılmasıdır.






