NASA Yer atmosferi ilə kosmik hava arasındakı mürəkkəb əlaqəni araşdırmaq məqsədilə "DAPHNE" (Dynamic Atmosphere-Ionosphere Explorer) adlı yeni elmi missiyanı təsdiqləyib. Layihə artıq ilkin layihələndirmə və inkişaf mərhələsinə keçib. Missiya çərçivəsində iki eyni peyk eyni vaxtda Yer atmosferinin yuxarı qatlarını müşahidə edəcək.
Bu tədqiqatın əsas məqsədi atmosferin aşağı qatlarında baş verən hadisələrin termosfer və ionosferə necə təsir etdiyini anlamaqdır. Bu bölgələr kosmik hava effektlərinin ən çox hiss olunduğu yerlərdir və burada yaranan pozuntular peyk naviqasiyası, radioəlaqə və orbitdəki aparatların fəaliyyətinə ciddi təsir göstərə bilər. Alimlər kosmik havanın yalnız Günəş aktivliyi ilə deyil, həm də Yer səthinə yaxın proseslərlə bağlı olduğunu sübut etməyə çalışırlar.
"DAPHNE" missiyası necə həyata keçiriləcək?
Missiyaya Kolorado Universitetindən Eymi Merkel rəhbərlik edəcək. İki peyk vasitəsilə temperatur, kimyəvi tərkib və atmosfer küləkləri kimi parametrlər ölçüləcək. İki fərqli nöqtədən eyni vaxtda aparılan müşahidələr hadisələrin təkamülünü tək bir aparatla mümkün olandan daha dəqiq izləməyə imkan verəcək.
Layihə 2027-ci ildə həlledici yoxlamadan keçəcək və maliyyələşməsi təsdiqlənəcəyi təqdirdə missiyanın büdcəsi 250 milyon ABŞ dolları təşkil edəcək (buraxılış xərcləri istisna olmaqla). Ekspedisiyanın 2029-cu ildən tez olmayaraq kosmosa göndərilməsi planlaşdırılır.






