NASA "Artemis" missiyalarında kub peyklərinin (Cubesat) buraxılışı üçün yeni imkanlar yaradıb. Agentlik 21 may 2026-cı il tarixində tədqiqat institutları, universitetlər və şirkətlərdən ibarət maraqlı tərəflər üçün rəsmi məlumat sorğusu (RFI) dərc edib. Müraciətlərin göndərilməsi üçün son tarix 1 iyun 2026-cı ildir.
Təqdim olunan təkliflər əsasında NASA "Artemis III", "Artemis IV" və "Artemis V" missiyalarına daxil edilə biləcək əlavə faydalı yükləri qiymətləndirəcək. Gələcək uçuşlarda astronavtları kosmosa çatdırmaq üçün ağır "SLS" (Space Launch System) raketi və "Orion" kapsulundan istifadə olunacaq.
Kub peyklərinin texniki xüsusiyyətləri
Kub peykləri hər tərəfi 10 santimetr olan və 1U adlanan standart bloklardan qurulmuş modul tipli nanopeyklərdir. NASA bu cihazları 6U və 12U formatlarında yerləşdirməyi planlaşdırır. Peyklər "Orion" kapsulu raketin ikinci pilləsindən ayrıldıqdan sonra, "SLS"-in yuxarı pilləsində quraşdırılmış xüsusi halqadan start götürəcəklər.
Missiyanın profilindən asılı olaraq, cihazlar Yer orbitinə çıxarıla, Yer-Ay sistemini tərk edərək Günəş ətrafında heliosentrik trayektoriyalarla hərəkət edə və ya Yerə qayıtma missiyalarını yerinə yetirə bilərlər.
Əvvəlki missiyaların təcrübəsi
NASA bu tip peyklərdən ilk dəfə 2022-ci ildə həyata keçirilən pilotsuz "Artemis I" uçuşu zamanı istifadə edib. Həmin vaxt 10 kub peyki göndərilmişdi. "ArgoMoon" və "LunaH-Map" kimi cihazlar müxtəlif elmi və texnoloji məqsədlər üçün sınaqdan keçirilmişdi. Astronavtların iştirak etdiyi "Artemis II" missiyası zamanı isə dörd kub peyki kosmosa çatdırılmışdı.






