Microsoft ötən il təqdim etdiyi Majorana 1 kvant prosessorundan sonra, indi də onun təkmilləşdirilmiş versiyası olan Majorana 2 çipini elan edib. Şirkətin məlumatına görə, yeni çip kvant hesablamalarında informasiya vahidi olan kvbitlərin etibarlılığını 1000 dəfə artırır.
Microsoft-un kvant aparatları üzrə vitse-prezidenti Çetan Nayak bildirib ki, Majorana 2-nin hazırlanmasında materiallar bazası əhəmiyyətli dərəcədə yenilənib. Belə ki, əvvəlki modeldə istifadə olunan alüminium superkeçirici qurğuşunla əvəz edilib, yarımkeçirici aktiv zonada isə indium arsenid və indium arsenid-antimonid birləşməsindən istifadə olunub.
Performansda ciddi artım
Bu dəyişikliklər kvbitlərin ömrünü ciddi şəkildə uzadıb. Əgər Majorana 1-də kvbitlərin ömrü 1-12 millisaniyə arasında idisə, Majorana 2-də bu göstərici 20 saniyəni keçir. Bəzi hallarda isə kvbitlərin ömrü bir dəqiqədən çox davam edir ki, bu da Microsoft-un kvant hesablamalarında irəliləyiş əldə etdiyini təsdiqləyir.
Bu uğurlar fonunda Microsoft öz yol xəritəsini sürətləndirərək, genişlənə bilən və praktik kvant kompüteri hədəfinə çatmaq üçün müddəti yarıya endirib. Şirkət 2029-cu ilə qədər xətaya dözümlü kvant kompüteri prototipini yaratmağı planlaşdırır.
Bundan əlavə, Microsoft Majorana çiplərinin təkmilləşdirilməsinə kömək edən Discovery tətbiqini tədqiqatçılar üçün GitHub-da istifadəyə verib. Bu alət agent əsaslı iş axınlarını tədqiqat və inkişaf proqramlarına tətbiq etməyə imkan verir.






