Microsoft şirkəti "Fable" oyununun yenilənmiş versiyasının buraxılış tarixini bir daha dəyişib. 2026-cı ilin payızında çıxması gözlənilən oyunun artıq 2027-ci ilin fevralında istifadəçilərə təqdim ediləcəyi açıqlanıb. Bununla belə, iyunun 7-də keçiriləcək "Xbox Games Showcase" tədbirində oyunun yeni görüntüləri nümayiş olunacaq.
Şirkətin rəsmi X hesabında verilən açıqlamaya görə, bu il oyunçular üçün "Halo: Campaign Evolved", "Gears of War: E-Day", "Call of Duty Modern Warfare 4", "Control Resonant", "Star Wars: Galactic Racer" və "Grand Theft Auto VI" kimi bir çox vacib layihələr gözlənilir. Microsoft "Fable"-in özünəməxsus diqqət toplaması üçün buraxılış tarixini 2027-ci ilin fevralına çəkdiyini bildirib.
Payız mövsümünün oyunlarla dolu olması bu qərara təsir edib. Belə ki, "Grand Theft Auto VI" 19 noyabr, "Call of Duty: Modern Warfare 4" 23 oktyabr, "Star Wars: Galactic Racer" isə 6 oktyabr tarixlərinə planlaşdırılıb.
Playground Games tərəfindən hazırlanan və ilk dəfə 2020-ci ildə elan edilən "Fable" əvvəlcə 2025, daha sonra isə 2026-cı il üçün nəzərdə tutulmuşdu. Oyun buraxıldıqdan sonra Xbox Series X/S, PC və PS5 platformalarında əlçatan olacaq. Bundan əlavə, Xbox-ın məzmun üzrə rəhbəri Matt Booty, "Xbox Games Showcase" zamanı yeni nəsil "Project Helix" konsolu haqqında məlumat verilməyəcəyini qeyd edib.






