Microsoft 365 Copilot-un yeni versiyası həm masaüstü, həm də mobil cihazlarda istifadəyə verilir. Şirkətin məlumatına görə, yenilənmiş dizayn əvvəlki versiya ilə müqayisədə iki dəfə daha sürətli yüklənir və istifadəçilərə daha aydın, oxunaqlı cavablar təqdim edir.
Yenilənmənin əsas özəlliklərindən biri “proqressiv aşkarlama” (progressive disclosure) funksiyasıdır. Bu funksiya sayəsində Copilot bütün alətləri və idarəetmə elementlərini dərhal göstərmək əvəzinə, istifadəçinin verdiyi sorğuya uyğun olaraq müvafiq seçimləri təqdim edir. Bundan əlavə, təkmilləşdirilmiş sorğu qutusu mətn formatlaşdırma imkanları ilə zənginləşdirilib və daxil edilən mətnin həcminə görə avtomatik genişlənir.
Microsoft 365 tətbiqləri daxilində Copilot yan paneldə açılaraq sənədlərlə bağlı sualları cavablandırır, dəyişikliklər təklif edir və ya birbaşa paraqraflar, cədvəl xanaları və slaydlar üzərində əməliyyatlar aparmağa kömək edir. Qeyd edək ki, Google da oxşar yanaşma ilə Gemini süni intellekt tətbiqində cavabların strukturunu sorğuya uyğunlaşdıran yeniliklər təqdim etmişdi.






