"404 Media" tərəfindən yayılan məlumata görə, Meta-nın süni intellekt əsaslı dəstək çatbotu hakerlərin İnstaqram hesablarını oğurlaması üçün istifadə edilib. Telegram-da paylaşılan videoda hakerin çatbota başqasına məxsus profilin e-poçt ünvanını dəyişdirməyi tapşırdığı və bunun ardınca şifrəni yeniləyərək hesabı ələ keçirdiyi görünür.
Sözügedən problem Barak Obamanın Ağ Evə məxsus İnstaqram hesabının hakerlər tərəfindən ələ keçirildiyi və İran təbliğatı aparan şəkillərin paylaşıldığı dövrə təsadüf edir. Həmçinin, ABŞ Kosmik Qüvvələrinin baş serjantı və "Sephora" kosmetika brendinin hesablarının da bu yolla oğurlandığı bildirilir.
Mart ayında istifadəyə verilən süni intellekt köməkçisi şifrənin bərpası və iki faktorlu autentifikasiya kimi məsələlərdə yardımçı olmalı idi. Lakin hakerlər çatbota sadəcə yeni e-poçt ünvanını göndərməklə təsdiq kodunu əldə edə biliblər. Təhlükəsizlik araşdırmaçısı Ceyn Mançun Vonq da öz hesabının bu yolla ələ keçirildiyini qeyd edib.
Meta-nın kommunikasiya rəhbəri Endi Stoun problemin artıq həll edildiyini və təsirə məruz qalan hesabların təhlükəsizliyinin təmin olunduğunu bildirib. Mütəxəssislər isə şirkətin süni intellektə həddindən artıq fokuslanması və təhlükəsizlik sahəsindəki kadr ixtisarlarının bu cür boşluqlara yol açdığını vurğulayırlar.






