Texnologiya nəhəngi "Meta", istifadəçilərin digər bizneslərdən və veb-saytlardan əldə edilən məlumatlarını öz platformalarında tətbiq etməyə hazırlaşır. Şirkət rəsmi bloq yazısında bildirib ki, artıq reklamların hədəflənməsi üçün istifadə olunan bu məlumatlar, bundan sonra "Facebook" və "Instagram" lentlərindəki məzmunun və süni intellekt cavablarının optimallaşdırılması üçün də tətbiq olunacaq.
Şirkət nümayəndəsi Emil Vazquez-in verdiyi məlumata görə, bu yenilik yeni məlumatların toplanmasını nəzərdə tutmur. Əksinə, bizneslərin onsuz da "Meta"-ya ötürdüyü mövcud məlumatlar, istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə istifadə ediləcək. Məsələn, onlayn mağazadan çadır alan istifadəçi, qısa müddət sonra "Reels" lentində düşərgə ilə bağlı videolar görə bilər.
Bu yeniliyi necə idarə etmək olar?
"Meta" istifadəçilərə öz məlumatları üzərində nəzarəti saxlamaq imkanı verir. Şirkət, platformadan kənar məlumatların reklamlar, lentlər və süni intellekt cavabları üçün istifadəsini məhdudlaşdırmaq istəyənlər üçün "Activity from other businesses" (Digər bizneslərdən fəaliyyət) parametrini təqdim edir. Bu funksiyanı söndürməklə istifadəçilər məlumatlarının fərdiləşdirmə üçün istifadəsinin qarşısını ala bilərlər.
Qlobal miqyasda tətbiq edilən bu yenilik, bəzi regionlarda, o cümlədən Avropa, Böyük Britaniya, Braziliya, Türkiyə, Cənubi Koreya və digər bir neçə ölkədə ilkin mərhələdə istifadəyə verilməyəcək. "Meta" bu addımı ilə istifadəçi təcrübəsini daha uyğun və maraqlı məzmunla zənginləşdirməyi hədəfləyir.






