"Meta" şirkəti öz süni intellekt çatbotunun təklif etdiyi sorğularda ciddi dəyişikliklər etdiyini açıqlayıb. Bu qərar, "Instagram" istifadəçisi Kalie Robins-in paylaşdığı və "Meta AI"-nin onun övladları haqqında şəxsi məlumatları necə topladığını göstərən viral videodan sonra qəbul edilib. Şirkət rəsmisi Dina El-Kassaby baş verənlərlə bağlı verdiyi açıqlamada funksiyanın bu cür suallar verməməli olduğunu etiraf edərək, şirkətin bu məsələdə səhvə yol verdiyini bildirib.
Kalie Robins-in paylaşdığı videoda "Meta AI"-nin onun avtomobildə övladı ilə birlikdə oxuduğu görüntülərin altında "Uşaq sərnişin kimdir?" kimi müdaxiləedici suallar təklif etdiyi görünür. Çatbot istifadəçinin keçmiş paylaşımlarını və qohumlarının məlumatlarını analiz edərək, uşaqların yaşı və yaşayış yeri haqqında əlavə suallar formalaşdırıb. Hətta istifadəçinin illər əvvəl sildiyini iddia etdiyi şəkillərin də süni intellekt tərəfindən istifadə edildiyi bildirilir.
"Meta" şirkəti "Facebook", "Instagram", "WhatsApp" və "Messenger" platformalarına inteqrasiya etdiyi süni intellekt köməkçisinin bu problemini artıq aradan qaldırdığını bəyan edib. Dina El-Kassaby qeyd edib ki, bu funksiya istifadəçilərə maraqlandıqları mövzular haqqında məlumat vermək üçün yaradılıb və yalnız istifadəçinin artıq çıxışı olan məlumatlara əsaslanır. Xatırladaq ki, şirkət iyul ayında da "deepfake" yaratmağa imkan verən funksiyasını kəskin tənqidlərdən sonra ləğv etmişdi.






